Azərbaycan, Türkmənistan və Özbəkistan liderləri mətbuata birgə bəyanatla çıxış etdilər - YENİLƏNDİ
Xarici siyasət
22.08.2025 20:00
Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər.
TodayPress TV xəbər verir ki, əvvəlcə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bəyanatla çıxış etdi.
Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun bəyanatı
• Hörmətli media nümayəndələri.
Hörmətli nümayəndə heyətlərinin üzvləri.
Xanımlar və cənablar.
İlk növbədə, Azərbaycan və Özbəkistan liderlərinə bugünkü görüşdə iştiraklarına, yüksəksəviyyəli üçtərəfli görüşə qatılmaq üçün dəvəti qəbul etdiklərinə görə təşəkkür etmək istəyirəm.
Bugünkü görüş çoxtərəfli münasibətlər baxımından tarixi əhəmiyyət daşıyır. Danışıqlar çərçivəsində əməkdaşlığın müxtəlif aspektlərini, çoxtərəfli qarşılıqlı fəaliyyət məsələsini, - xüsusən siyasi-iqtisadi, mədəni-humanitar sahələrdə, - müzakirə etdik. Bu gün Türkmənistan, Azərbaycan və Özbəkistan açıq dialoq aparır, əməkdaşlıq edir və beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT-də bir-birinin təşəbbüslərini dəstəkləyir. Dialoq bərabərhüquqlu əsasda, təkcə üçtərəfli formatda deyil, həm də sülhün və sabitliyin möhkəmlənməsi məqsədilə bütün region çərçivəsində aparılır.
İqtisadi ölkələrimizin əməkdaşlıq baxımından potensialını nəzərdən keçirdik ki, bu da təkcə bizim deyil, bütün Avrasiya regionunun inkişafına töhfə verir. Bu qarşılıqlı fəaliyyət bizə bütün regionumuz daxilində geoiqtisadi əməkdaşlığı gücləndirməyə imkan verəcək. Bunu təsdiqləyən çoxlu misallar var. Elektrik enerjisi sahəsində əməkdaşlığı qeyd etmək kifayətdir, burada bizim faydalı əlaqələrimiz var.
Biz qaz sahəsində strateji tərəfdaşlığın dərinləşdirilməsinin mühüm məsələlərini, eləcə də perspektivləri müzakirə etdik və əməkdaşlığı gücləndirməyə hazır olduğumuz barədə razılığa gəldik.
İkitərəfli əməkdaşlığın əsas istiqaməti nəqliyyat sektorudur. Biz “Böyük İpək Yolu”nun bərpası üçün Avropanı Asiya ilə birləşdirən nəqliyyat dəhlizləri çərçivəsində əlaqələri genişləndirmək barədə razılığa gəldik. Xüsusən, Mərkəzi Asiyanın və Xəzər hövzəsinin nəqliyyat infrastrukturunun gücləndirilməsi imkanlarını nəzərdən keçirdik.
Çoxtərəfli dialoq çərçivəsində humanitar əlaqələri gücləndirmək barədə razılığa gəldik. Xüsusən, təhsil, elm, idman, səhiyyə, incəsənət, xalçaçılıq və digər sahələrdə yüksək potensial mövcuddur. Bu sahələrdə yaxşı əməkdaşlıq təcrübəmiz var. Ümumiyyətlə, bu görüş üçtərəfli əlaqələri gücləndirmək üçün bizə yeni imkanlar açır və bu kontekstdə qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün çox çalışmalıyıq.
Fürsətdən istifadə edərək, iki ölkənin liderlərinə təşəkkürümü bildirmək, Azərbaycan və Özbəkistan xalqlarına əmin-amanlıq arzulamaq istəyirəm.
Sağ olun.
***
15:11
Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
15:04
Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış edirlər.
TodayPress TV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
tag: Prezident,İlham Əliyev,Türkmənistan,Səfər,Todaypress.tv,