Ekspert: “Azərbaycan turizmi hələ də bərpa dövründədir”
Turizm
25.09.2025 16:45
"Azərbaycan hələ də turizm bazarında bərpa dövrünü yaşayır. Bu vəziyyətə həm regional müharibələr və geosiyasi gərginlik, həm də ölkənin quru sərhədlərinin bağlı olması təsir göstərir".
Turizm eksperti Ceyhun Aşurov bunu TodayPress TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycana gələn əcnəbilərin sayında pik göstərici 2019-cu ildə qeydə alınıb. Həmin il təxminən 3,2 milyon əcnəbi ölkəmizə səfər edib, onların da 2,9 milyonu turistlər olub:
"Lakin sonrakı illərdə bu rəqəmlərdə azalma müşahidə olunub. 2024-cü ildə ölkəmizə gələn turistlərin sayı təxminən 1,9 milyon nəfər təşkil edib ki, bu da 2019-cu illə müqayisədə nəzərəçarpacaq azalmadır. Quru sərhədlərinin bağlı qalması, vizaların alınmasının asanlaşmasına, bəzi ölkələrlə vizasız gediş-gəliş rejiminin tətbiqinə və hava əlaqələrinin mövcudluğuna baxmayaraq, ölkəyə səfərlərin maya dəyərini artır. Bu da turistlərin qərarlarına birbaşa təsir edir”.
Ekspert əlavə edib ki, hazırda Azərbaycana gəliş-gediş yalnız hava nəqliyyatı vasitəsilə mümkündür. Lakin təyyarə biletlərinin qiymətləri hər zaman əlçatan deyil və qonşu Gürcüstanla müqayisədə daha bahadır:
"Əslində, Azərbaycanda Gürcüstanla müqayisədə daha çox beynəlxalq hava limanı fəaliyyət göstərir. Amma qiymətlərin bahalığı səbəbindən bu limanların imkanlarından tam səmərəli istifadə olunmur".
Ceyhun Aşurovun fikrincə, sərhədlərin bağlı qalması və hava nəqliyyatında qiymətlərin yüksək olması turizmin inkişaf tempini ləngidir.
Türkan İsgəndərli
tag: Ceyhun Aşurov,Ekspert,Azərbaycan,Turizm,Todaypress.tv,
