Dəmiryolu stansiyalarında turizm məlumat məntəqələri yaradılır: Hansı dəyişikliklər gözlənilir?

Turizm

30.06.2025 15:12

“Azərbaycanda qatar turizmi nəqliyyat növü olaraq həm dəqiq, həm də rahat olması ilə seçilir”.

Turizm eksperti Əziz Şiriyev bu fikirləri TodayPress TV-yə dəmiryolu stansiyalarında turizm məlumat məntəqələri quraşdırılmasını şərh edərkən bildirib. 

Onun sözlərinə görə, qatarlarda gecikmələrin nadir hallarda baş verməsi bu nəqliyyat növünü turistlər üçün cəlbedici edir.

Ekspert əlavə edib ki, bu cür nişanlar turistlərin marşrut üzərindəki maraqlı və tarixi yerləri asanlıqla tapmasına, səyahət planlarını daha rahat qurmasına kömək edir:

"Bir istiqamət üzrə yerləşdirilən işarələr və lövhələr, yaxınlıqdakı gəzməli-görməli yerlər barədə məlumat verir. Bu isə turistlərin həmin məkanlara səfərini stimullaşdırır. Belə məlumatların olmaması turistlərin bölgəyə axınının qarşısını alır, onların məlumatlanmasını məhdudlaşdırır və bu da regionlara olan marağın, nəticədə isə gəlirlərin azalmasına səbəb olur".

Əziz Şiriyevin fikrincə, regionların sosial-iqtisadi inkişafında turizm sektorunun rolu nəzərə alınaraq, məlumatlandırıcı işarələrin quraşdırılması geniş şəkildə həyata keçirilməlidir.

Qeyd edək ki, Azərbaycan Turizm Bürosu ilə “Azərbaycan Dəmir Yolları”nın birgə fəaliyyəti sayəsində dəmiryolu stansiyalarında turizm məlumat məntəqələrinin və lövhələrinin quraşdırılması, turizm resursları barədə məlumatlılığın daha əlçatan edilməsi planlaşdırılır.

Türkan İsgəndərli

tag: Əziz Şiriyev,Ekspert,Turizm,Qatar,Todaypress.tv,

photo