Trampın yeni bəyanatı: “Budəfəki münaqişə faciə ilə nəticələnəcək” – ŞƏRH

Təhlil

23.07.2025 15:37

"Budəfəki münaqişə 12 günlük müharibədən daha faciəvi ola bilər". 

Politoloq Zeynal Əmrəliyev bunu ABŞ Prezidenti Donald Trampın "Lazım gələrsə, ABŞ yenidən İranın nüvə obyektlərinə zərbələr endirəcək" bəyanatını TodayPress TV-yə şərh edərkən bildirib.

Onun sözlərinə görə, ABŞ-nin İranın nüvə obyektlərinə yenidən zərbə endirmək barəsində açıqlama verməsinin əsas səbəbi İranın öz uranının zənginləşməsi prosesini dayandırmayacağını bəyan etməsidir. İran rəsmilərinin son açıqlamaları açıq şəkildə göstərir ki, rəsmi Tehran uranı zənginləşdirməyə ABŞ və İsrailin hərbi təzyiqlərinə baxmayaraq, davam edəcək.   

Politoloq əlavə edib ki, bu cür mövqe Birləşmiş Ştatlarda növbəti hərbi aktivliyə yol aça bilər. Həqiqətən də ehtiyac yaranarsa, ABŞ tərəfindən İranın nüvə obyektlərinə zərbə endiriləcək. 

"12 günlük müharibə zamanı İranın əsas regional müttəfiqləri olan Rusiya və Çin prosesə açıq şəkildə müdaxilə etməyiblər. Rusiya hazırda Ukrayna müharibəsi ilə bağlı ABŞ ilə danışıqlarda olduğu üçün İrana görə münasibətləri gərginləşdirmək istəməyib. Hətta bu İranı da narazı salıb. İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei öz xarici işlər nazirini Kremlə göndərdikdə onunla birlikdə Putinə narahatlıq məktubu da göndərib".

Analitik bildirib ki, Çin tərəfindən bəzi silah tədarükü xəbərləri yayılsa da, rəsmi Pekin ABŞ və İsrail qarşısında Tehrana açıq dəstək verməyib. Eyni zamanda, İranın proksi qüvvələri olan husilər də bu dəfə gözlənildiyi qədər dəstək göstərə bilməyiblər. İran bu qarşıdurmada faktiki olaraq təklənmiş vəziyyətə düşüb və bu da yeni hərbi əməliyyatların baş vermə riskini artırır.

"Budəfəki münaqişə daha böyük dağıntılara səbəb ola bilər. Hər iki tərəf bir-birinin zəif və güclü tərəflərini artıq öyrənib. Nəticə əvvəlki müharibədən daha faciəvi ola bilər", - deyə politoloq öz fikrini yekunlaşdırıb.  

Aysel Mətləb

tag: ABŞ , Donald Tramp,İran,Nüvə,Todaypress.tv,

photo