İran son imkanı da qaçırdı: Hörmüz "əlində qaldı"

İran son imkanı da qaçırdı: Hörmüz "əlində qaldı"
21.10.2026 12:21 Təhlil

"Kpler" şirkətinin məlumatına görə, oktyabrın 18-dək olan həftədə Fars körfəzi regionundan gündəlik 24 milyon barrel neft ixrac edilib.

Müharibədən əvvəl bu göstərici 23,3 milyon barrel idi. Gəmilərə hücumlar davam etsə də, Hörmüz boğazından neft daşımaları normal səviyyənin 82 faizinə çatıb.

Rəqəmlər İranın Hörmüz boğazı vasitəsilə dünya enerji bazarına təzyiq imkanlarının zəiflədiyini göstərir. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri alternativ marşrutlardan istifadəni artıraraq boğazdan asılılığı azaldıblar. Hazırda bu ölkələrin boru kəmərləri İran istisna olmaqla, Fars körfəzi dövlətlərinin xam neft ixracının 40 faizini daşıyır. Fevralda bu göstərici 17 faiz idi.


İranın öz neft ixracı isə ABŞ blokadası səbəbindən məhdudlaşıb. Beləliklə, Tehran digər ölkələrin neft daşımalarını təhlükə altında saxlasa da, öz ixrac imkanları da ciddi təzyiqlə üzləşir.

Neft daşımaları davam etsə də, onların qiyməti və riski kəskin artıb. Məlumatlara görə, bəzi tankerlər izləmə sistemlərini söndürərək Fars körfəzindən çıxır, Oman körfəzində nefti başqa gəmilərə ötürürlər.

Riskli səfərlərə görə dənizçilərə üçqat maaş və ya bir gediş-gəliş üçün 25 min dollar bonus təklif olunur.

Çinə gedən supertankerlərin daşınma xərci bir barrel üçün rekord həddə — 37 dollara yüksəlib. Gəmilərin müharibə sığortası da onların dəyərinin 3 faizindən aşağı səviyyədən 10 faizə çatıb. Ötən həftə raketatan mərmisinin su çəninə dəydiyi bildirilən tankerdə isə 2 milyon barrel İraq nefti olub. 


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazına nəzarətin ABŞ-də olduğunu bəyan edib. Neft ixracının müharibədən əvvəlki səviyyəni ötməsi Vaşinqtonun mövqeyini qismən təsdiqləyir. Yenə də İranın hücumları daşımaları təhlükəli və bahalı edir.

Brent neftinin bir barrelinin 108 dollara çatması və ABŞ-də benzinin bir qallonunun 6 dollara yüksəlməsi böhranın iqtisadi təsirlərini hiss etdirir.

Mənbədə həmçinin Donald Trampın ictimai dəstəyinin 31 faizə düşdüyü də qeyd olunur.

Əsas məqam budur ki, İranın yaratdığı təhlükə aradan qalxmayıb, amma qlobal bazarda neft çatışmazlığı yaratmaq cəhdi hələlik gözlənilən nəticəni verməyib. Alternativ boru kəmərləri və dəyişdirilmiş daşınma marşrutları neft axınının davam etməsinə imkan verir. Tehran boğazdan keçidi çətinləşdirsə də, hazırkı rəqəmlər onun dünya neft tədarükünə əvvəlki kimi təsir edə bilmədiyini deyir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
21 OKTYABR 2026
Bütün Xəbərlər