Hakan Fidanın Moskva səfəri: NəIər müzakirə olundu?
“Rusiya prezidenti Vladimir Putin ilə Türkiyənin xarici işlər naziri Hakan Fidanın Moskvada keçirilən görüşü Türkiyənin Rusiya-Ukrayna müharibəsində vasitəçi rolunu möhkəmləndirmək istəyini açıq şəkildə nümayiş etdirir”.
Politoloq Tural İsmayılov bunu TodayPress TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu görüş Ankaranın münaqişənin həllində aktiv iştirakını davam etdirmək və beynəlxalq aləmdə nüfuzlu oyunçu kimi mövqeyini gücləndirməsini əks etdirir:
“Türkiyə həm Rusiya, həm də Ukrayna ilə balanslı münasibətlər quraraq özünü neytral vasitəçi kimi təqdim edir. Fidanın Moskvadakı danışıqları xüsusilə mayın 16-da İstanbulda keçirilən sülh danışıqlarının nəticələrini qiymətləndirmək və yeni təşəbbüslər irəli sürmək məqsədi daşıyır. Görüşdə Ukrayna ilə yanaşı, Suriya və Qəzza kimi regional məsələlərin də müzakirə olunması Türkiyənin çoxşaxəli xarici siyasət gündəmini vurğulayır. Türkiyə Qara dəniz regionunda təhlükəsizlik və sabitliyi təmin etmək üçün strateji rol oynamağa çalışır”.
Ekspert Ankara-Moskva münasibətlərinə də toxunub:
“Ankara-Moskva münasibətlərinə gəlincə, bu görüş enerji, ticarət və turizm sahələrində əməkdaşlığı dərinləşdirmək potensialına malikdir. Türkiyə Rusiya ilə iqtisadi əlaqələri genişləndirərkən NATO daxilindəki mövqeyini və Qərb ölkələri ilə münasibətlərini tarazlaşdırmağa çalışır. Bu, Ankaranın geosiyasi manevr sahəsini mürəkkəbləşdirsə də, Rusiya ilə dialoq Türkiyənin regional təsirini artırmağa xidmət edir. Fidanın Rusiya ilə görüşləri xüsusilə enerji sahəsində yeni razılaşmaların əldə edilməsi üçün zəmin yarada bilər. Lakin Türkiyənin Rusiya ilə yaxınlaşması Qərb ittifaqı ilə münasibətlərdə gərginlik riskini də artırır”.
T. İsmayılov bildirib ki, Suriyadakı regional balanslara təsir baxımından, görüş Türkiyənin Suriyada təhlükəsizlik maraqlarını qorumaq və Rusiya ilə əməkdaşlıq axtarışını göstərir:
“Türkiyə Suriyada sabitliyin təmin edilməsində Rusiya ilə dialoqa üstünlük verir, eyni zamanda öz hərbi və siyasi təsirini qorumağa çalışır. Nəticədə, bu görüş Türkiyənin qlobal və regional səhnədə vasitəçi və balanslaşdırıcı qüvvə kimi rolunu möhkəmləndirir. Bu, Türkiyənin çoxvektorlu xarici siyasətinin önəmli təzahürü kimi qiymətləndirilə bilər”.
Qeyd edək ki, mayın 26-da Rusiya Prezidenti Vladimir Putinlə Türkiyənin xarici işlər naziri Hakan Fidanın görüşü baş tutub.
Rusiya lideri Hakan Fidanla Rusiya-Ukrayna müharibəsi, Türkiyənin mümkün vasitəçiliyi, Suriyadakı son vəziyyət barədə danışıb.
Qiymət Mahir
tag: Tural İsmayılov,Politoloq,Hakan Fidan,Rusiya,Todaypress.tv,
