Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yay gəzintiləri təşkil edildi
Sosial
15.08.2025 11:42
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müəssisələrində yaşayan uşaqlar üçün yay gəzintiləri təşkil edilib. Tədbirlər çərçivəsində uşaqlar Xəzər dənizinin sahilində müxtəlif əyləncəli fəaliyyətlərdə iştirak etməklə yanaşı, dənizdə çimmək və asudə vaxtlarını səmərəli keçirmək imkanı əldə ediblər.
Bu barədə TodayPress TV-yə ƏƏSMN-dən məlumat verilib.
Agentliyin Psixonevroloji sosial xidmət müəssisəsinin, Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya müəssisəsinin, 2 saylı Uşaq evi sosial xidmət müəssisəsinin, eləcə də Məişət zorakılığından zərər çəkmiş şəxslərin Sosial Reabilitasiyası şöbəsinin benefisiarlarının cəlb olunduğu tədbirlərin məqsədi uşaqların yay tətilinin səmərəli və əyləncəli keçirilməsidir. Bu kimi tədbirlər sosial xidmət göstərilən uşaqların sosial bacarıqlarını inkişaf etdirmək və onların cəmiyyətə inteqrasiyasını təşviq etmək baxımından da xüsusi əhəmiyyətə malikdir.
Gəzintilər çərçivəsində uşaqlar üçün Dənizkənarı bulvar, "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və “Suraxanı” gəmi-muzeyinə səfərlər təşkil edilib.
tag: ƏƏSMN,Xüsusi,Qayğı,Uşaqlar,Todaypress.tv,





