SXA-da İsrail Səfirliyinin nümayəndələri ilə görüş keçirildi

Sosial

04.09.2025 11:29

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində İsrailin Azərbaycandakı Səfirliyinin nümayəndələri ilə görüş keçirilib.

Bu barədə TodayPress TV-yə Agentlikdən məlumat verilib.

Görüşdə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov, Səfirliyin missiya rəhbərinin müavini Aviv Zell və digər nümayəndələr iştirak ediblər. Tərəflər sosial xidmət sahəsində əməkdaşlıq imkanları, xüsusilə uşaqlar üçün reabilitasiya xidmətlərinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

V.Behbudov qonaqlara Agentliyin fəaliyyəti, həssas əhali qruplarından olan şəxslərə göstərilən sosial xidmətlər barədə ətraflı məlumat verib. Agentliyin sosial xidmət müəssisələrinin fəaliyyət istiqamətləri və gələcəkdə birgə layihələrin icrası məsələlərindən danışılıb. 

Bildirilib ki, Agentlik uşaqlar və həssas qruplar üçün sosial xidmətlərin keyfiyyətinin artırılması istiqamətində beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verir. 

İsrail tərəfi də bu sahədə təcrübə mübadiləsinə və birgə təşəbbüslərə dəstək göstərməyə hazır olduğunu vurğulayıb. Müzakirələr zamanı İsrail dövlətinin dəstəyi ilə yaradılan “Dostluq otağı” layihəsinin əhəmiyyətindən danışılıb. 

Görüşün sonunda gələcək əməkdaşlığın inkişafı üçün qarşılıqlı razılaşma əldə olunub.

TodayPress TV

tag: ƏƏSMN,SXA,İsrail,Görüş,Todaypress.tv,

photo
photo
photo