Media nümayəndələri humanitar minatəmizləmə təlimləri ilə tanış oldu

Sosial

27.05.2025 15:27

3

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və minatəmizləmə fəaliyyətinə cəlb olunmuş yerli şirkətlərin şəxsi heyətinə “Humanitar minatəmizləmə” və “Döyüş sahəsinin təmizlənməsi” üzrə nəzəri və praktiki dərsləri əhatə edən təlimlər həyata keçirilir.

TodayPress TV xəbər verir ki, həyata keçirilən təlimlərin gedişatı, ictimaiyyətin bu sahədə məlumatlandırılması və fəaliyyətin işıqlandırılması məqsədilə ANAMA tərəfindən növbəti mediatur təşkil edilib. 

Agentliyin Göygöl Regional Təlim Mərkəzində keçirilən təlimlər çərçivəsində humanitar minatəmizləmə əməliyyatlarında sahənin işarələnməsi, texniki təhlükəsizlik qaydaları, minaaxtaranların vəzifə borcları, mina və partlamamış hərbi sursatların tanınması, əməliyyatlarda tətbiq edilən minaaxtarma cihazları və əl alətlərindən istifadə qaydaları, eləcə də döyüş ərazisinin təmizlənməsi metodologiyasının tətbiqi, ərazinin yerüstü və cihazla yeraltı axtarılmasına dair biliklər aşılanır. 

Sahədə baş verə biləcək bədbəxt hadisə zamanı zəruri ilk tibbi yardım vərdişlərinin formalaşdırılması məqsədilə sonda müdavimlərə “İlk tibbi yardım” təlimləri keçirilir. 

Kursları bitirib, imtahanlardan müvəffəqiyyətlə keçən müdavimlər işğaldan azad edilmiş ərazilərdə intensiv şəkildə icra edilən minatəmizləmə əməliyyatlarına öz töhfələrini verəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarını və minatəmizləmə fəaliyyətinə cəlb olunmuş yerli şirkətlərin əməkdaşlarına ANAMA tərəfindən humanitar minatəmizləmə fəaliyyəti çərçivəsində keçirilən növbəti təlimdir.

Bu kimi fəaliyyətin təşkili, işğaldan azad edilmiş ərazilərdə Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun əməliyyatların icrasında vacib məqamlardan biridir.

tag: ANAMA,Təlim,Media,Tədbir,Todaypress.tv,

photo
photo
photo
photo