İşə qəbul zamanı hansı suallar verilməlidir?

Sosial

21.10.2025 17:03

Şirkətlərin İnsan Resursları (HR) şöbələri işə qəbul prosesində namizədlərə müxtəlif suallar ünvanlayır.

Lakin bəzən bu suallar işin mahiyyəti ilə əlaqəsiz olur və müraciət edənlərdə narazılıq yaradır.

Məsələn, “Əsəbləşəndə qarşınızdakı insanı vurarsınızmı?” kimi suallar çoxları tərəfindən qeyri-etik hesab edilir.

Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən HR mütəxəssisi İlkin Məcidov bildirib ki, iş müsahibəsində verilən suallar məqsədəuyğun, etik və peşə yönümlü olmalıdır.

Onun sözlərinə görə, hər bir sual namizədin peşə bacarıqlarını, uyğunluğunu və motivasiya səviyyəsini müəyyən etməyə xidmət etməlidir:

"Namizədlərdən öncə onların təhsili, təcrübəsi və peşəkar bacarıqları barədə məlumat alınır, işə uyğunluq və motivasiya səviyyələri müəyyənləşdirilir. Həmçinin problem həlli, liderlik qabiliyyəti və komandada işləmə bacarığı qiymətləndirilir. Şəxsi motivasiyaları və dəyərləri, o cümlədən şirkətə uyğunluqları öyrənilir. Texniki biliklər, proqram və alət bilikləri nəzərdən keçirilir, iş şərtləri və əmək haqqı gözləntiləri haqqında suallar verilir".

Ekspert vurğulayıb ki, HR mütəxəssisləri müsahibə zamanı şəxsi həyatı, ailə vəziyyətini və ya emosional reaksiyaları deyil, namizədin iş bacarığını və peşə uyğunluğunu qiymətləndirməlidirlər:

"Müsahibə etik çərçivədə aparılmalı, işlə əlaqəsi olmayan şəxsi suallar verilməməlidir. Əsas məqsəd düzgün namizədi seçmək və həm şirkət, həm də işçi üçün uyğun əmək mühiti yaratmaqdır", - deyə İlkin Məcidov qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Şirkət,Sual,Şəxsi,İnsan Resursları,Todaypress.tv,

photo