Həcc ziyarətinin qiymətləri artdı - SƏBƏBLƏR
Sosial
23.10.2025 15:00
2026-cı il Həcc ziyarətinin qiymətləri açıqlanıb və 10 370 manat səviyyəsində müəyyənləşdirilib. Bu, cari ilin qiyməti olan 10 115 manatdan bir qədər yüksəkdir. Dinə bağlı hər bir insanın ürəyində Həccə getmək arzusu olsa da, bu məbləğ bir çoxları üçün çətinlik yaradır.
Bəs Həccin qiymətləri niyə bu qədər yüksəkdir və hansı səbəblərlə tənzimlənir?
İqtisadçı Günay Hüseynova TodayPress TV-yə açıqlamasında bildirib ki, qiymət artımını yalnız Azərbaycanın daxili iqtisadiyyatı ilə əlaqələndirmək düzgün olmazdı:
Onun sözlərinə görə, bu il Həcc ziyarətinin qiymətində müşahidə olunan artım əsasən qlobal iqtisadi proseslər və Səudiyyə Ərəbistanının tətbiq etdiyi yeni rüsumlarla əlaqədardır:
"Bu ilki qiymətlərlə əvvəlki qiyməti müqayisə etsək, tamamilə inflyasiyanın səviyyəsinə uyğun olaraq qiymət artımı baş verib. Bu, qlobal iqtisadiyyatda müşahidə olunan inflyasiya ilə əlaqədardır. Yəni sırf Həcc ziyarəti qiymətlərini ölkəmizdəki qiymət artımı ilə bağlaya bilmərik. Qiymət artımının digər əsas səbəbi Səudiyyə Ərəbistanı hökumətinin açıqladığı rüsumlardır. Həmin rüsumlar birbaşa ziyarət xərclərinə təsir edir".
İqtisadçı əlavə edib ki, tələb və təklif amili də qiymətlərin yüksəlməsində mühüm rol oynayır. Həcc ziyarətinə getmək istəyənlərin sayı həddindən artıq çox olduğu üçün, təbii ki, bu da ümumi xərcləri artırır.
"Məlumdur ki, Həcc ziyarətində müəyyən kvota müəyyən olunur. Lakin getmək istəyənlərin sayı çox olduğuna görə qiymətlərdə artım müşahidə olunur. Bundan əlavə, səfər müddətində təyyarə biletlərinin, otel və qidalanma xərclərinin, eləcə də elektron viza və digər xidmət haqlarının bahalaşması da ümumi qiymətə təsir edən amillərdəndir".
Günay Hüseynovanın fikrincə, Həcc səfərinin ümumi dəyəri bir neçə beynəlxalq və bazar faktorlarının kəsişməsi nəticəsində formalaşır:
"Ümumi iqtisadi analiz göstərir ki, burada qiymətlər tələb-təklif tarazlığı və Səudiyyə Ərəbistanının rüsum siyasəti ilə müəyyən olunur", - deyə ekspert fikrini sonlandırıb.
Türkan İsgəndərli
tag: Günay Hüseynova,İqtisadçı,Həcc,Ziyarət,Todaypress.tv,
