Hakim vəzifələrinə təyin olunan prokurorluq əməkdaşları ilə görüş keçirildi
Sosial
04.06.2025 18:10
Baş Prokurorluqda hakim vəzifələrinə təyin olunan prokurorluq əməkdaşları ilə görüş keçirilib.
Bu barədə Baş Prokurorluqdan TodayPress TV-yə verilən məlumata görə, qurumun inzibati binasında keçirilən təntənəli tədbirdə qeyd edilib ki, hakimlik vəzifələrinə seçilmə ilə bağlı keçirilmiş müsabiqədə uğur qazanan 6 prokurorluq əməkdaşı Azərbaycan Respublikasının Prezidentinin 3 iyun 2025-ci il tarixli sərəncamı ilə birinci instansiya məhkəmələrinin hakimləri təyin olunublar.
Sərəncama əsasən, Baş Prokurorluq və Hərbi Prokurorluğun müxtəlif struktur bölmələrində, habelə rayon prokurorluğunda çalışmış Tural Musayev və Kamal Babayev Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin, Emin Fətəliyev Qaradağ Rayon Məhkəməsinin, Fidan Ələkbərova Ağdaş Rayon Məhkəməsinin, Şahəddin Kələntərov Salyan Rayon Məhkəməsinin, Səbuhi Səfərov isə Beyləqan Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin ediliblər.
Baş prokurorun birinci müavini Elçin Məmmədov çıxış edib. Elçin Məmmədov yeni təyin olunmuş hakimləri təbrik edərək onların uzun illər ərzində prokurorluq orqanlarında göstərdikləri səmərəli fəaliyyəti, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə və insan hüquqlarının müdafiəsi sahəsindəki xidmətlərini yüksək qiymətləndirib. O, Baş prokuror Kamran Əliyev tərəfindən imzalanmış Prokurorluğun Fəxri Fərmanlarını təqdim edərək onlara yeni vəzifələrində uğurlar arzulayıb.
Tədbir çərçivəsində iştirakçılar səmimi söhbətlər aparıb, xatirələrini bölüşüb və xatirə şəkli çəkdiriblər.
tag: Baş Prokurorluq,Hakim,Görüş,İclas,Todaypress.tv,