Fazil Mustafa: “Yanlış izahlar İslam cəmiyyətlərini elmi tərəqqidən geri salıb”

Sosial

22.10.2025 12:22

“Bəzi anlayışların yanlış izahı nəticəsində İslam cəmiyyətləri əsrlər boyu elmi tərəqqidən geri qalıb”.

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, millət vəkili Fazil Mustafa “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” beynəlxalq simpoziumunun açılış mərasimində deyib. 

O, Qərb elmi ilə İslam dünyası elmini müqayisə edib:

“Faydasız elm” deyilən nədir? Hansı elm faydasız sayılır və bunu kim müəyyən edə bilər? Bu anlayışın yanlış izahı nəticəsində əsrlər boyu İslam cəmiyyətləri elmi tərəqqidən geri qalıb. Məsələn, Osmanlı dövründə uçuş cəhdi cəmiyyət tərəfindən ciddi qarşılanmadı. Ona görə də bu gün İslam coğrafiyasında kosmos araşdırmaları sahəsində özünü təsdiq edən alim və ya astronavt demək olar ki, yoxdur. Əvəzində isə Qərb elmi biliklərdən istifadə edərək inkişaf edib və bu sahədə hegemon mövqe qazanıb.

Buna görə də təhsilin dini-mədəniyyət modeli hər hansı mədəniyyətin təsiri altında və ya o mədəniyyətin nümunəsinə əsaslanaraq qurulmamalıdır. Bu, yanlış tezis doğurar. Bu istiqamətdə ən geniş və sistemli model Malayziya İslam Universiteti tərəfindən tətbiq olunub. Onların əsas ideyası “bilginin islamlaşdırılması” konsepsiyası idi. Lakin bilik nə islamlaşdırıla, nə də “istifadələşdirilə” bilər — bilik öz mahiyyətində neytraldır. Əsas məsələ onun insan və cəmiyyət üçün necə istifadə olunduğudur”.

Millət vəkili əlavə edib ki, dünyəvi dövlətin dindarlar və dini inanclar baxımından öyrənilməsinə daha çox diqqət yetirməliyik:

“Çünki dinin ən səmərəli və harmonik şəkildə yaşandığı ölkələr dünyəvi dövlət prinsipləri üzərində qurulur. Bu modeli yalnız idarəetmə nümunəsi kimi təqdim etməklə kifayətlənməməli, eyni zamanda dindarların da ona inamını təmin etməliyik. Belə müzakirələr islam, xristian, yəhudi və digər dinlərin nümayəndələri tərəfindən aparıldıqda, doğru və effektiv modelin müəyyənləşdirilməsinə imkan yaradacaq”.

Qiymət Mahir

TodayPress TV

tag: Fazil Mustafa,Deputat,Din,Simpozium,Todaypress.tv,