Ekspert: “Xanımlar xidmətə hazıram deyirsə, qarşısı alınmamalıdır”
Sosial
22.10.2025 16:34
"Türkiyədə qadınların hərbi xidmətə çağırılması məsələsi gündəmə gəlirsə, Azərbaycanda da məsələ aktuallaşacaq və öz həllini tapacaq".
Bunu TodayPress TV-yə açıqlamasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
Polkovnikin fikrincə, Azərbaycanın müstəqilliyinin ilk illərində qadınlar ali hərbi təhsil müəssisələrinə qəbul olunub:
"Bizdə xanımlar o vaxtkı Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi, Azərbaycan Ali Hərbi Məktəbinə və digər məktəblərə qəbula qəbul olunurdular. Sonradan bu məsələ demək olar ki, dayandırıldı. Konstitusiya baxımından və şəxsi meyarlara cavab verdikdə qadınlar hərbi xidmətə cəlb oluna bilər. Əgər xanımlar özlərini xidmətə hazır sayırlar, fiziki və mənəvi göstəriciləri uyğundursa, onlar xidmət keçməlidirlər. Xanımların hərbi xidmətdə olması kişilərə də motivasiya verir".
Ekspert əlavə edib ki, Azərbaycan Ordusunda artıq xanım hərbi qulluqçular həm müdafiə, həm sərhəd, həm də təhsil və tibbi strukturlarda geniş təmsil olunub:
"Müdafiə Nazirliyində, Dövlət Sərhəd Xidmətində, Daxili Qoşunlarda və digər qurumlarda xanım qulluqçularımız var və onlar vəzifələrini vicdanla yerinə yetirirlər. Qərargah və tədris, tibb, kargüzarlıq kimi sahələrdə xanımlar rahatlıqla xidmət edə bilərlər".
Üzeyir Cəfərovun fikrincə, Türkiyədəki müzakirələr Azərbaycanda da məsələnin yenidən gündəmə gəlməsinə səbəb olacaq və Azərbaycan üçün bu addımın faydalı olacağı düşünülməlidir. Qadınların hərbi xidmətə cəlb edilməsi Silahlı Qüvvələrə əlavə resurs və peşəkarlıq verə bilər.
Qeyd edək ki, Türkiyədə qadınların hərbi xidmətə çağırılması məsələsi gündəmdədir. Bu məsələ təkcə Türkiyədə deyil, qlobal miqyasda da aktualdır. Hazırda dünyanın 22 ölkəsində qadınlar da kişilərlə yanaşı məcburi hərbi xidmətə cəlb olunurlar.
Türkan İsgəndərli
tag: Üzeyir Cəfərov,Hərbi Ekspert,Polkovnik,Qadınlar,Hərbi xidmət,Todaypress.tv,
