Ekspert: “Gürcüstanda Azərbaycan dilinin "etnik azlığın dili" kimi dəyişdirilməsi yolverilməzdir”

Sosial

21.10.2025 16:49

"Gürcüstanda yaşayan azərbaycanlılar əhali baxımından çoxluq təşkil edir. Onların Azərbaycan dilində təhsil alma hüququ təmin edilməlidir".

Bunu TodayPress TV-yə açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib.

Onun fikrincə, Azərbaycan dilinin “etnik azlığın dili” kimi dəyişdirilməsi yolverilməzdir və bu məsələ ilə bağlı həm Xarici İşlər Nazirliyi, həm də Təhsil Nazirliyi Gürcüstan tərəfinin müvafiq qurumlarına rəsmi şəkildə müraciət etməlidirlər.

Ekspert əlavə edib ki, Azərbaycanda da gürcü icmasının dil və təhsil hüquqlarına hörmətlə yanaşılır:

"Məsələn, Şəki-Zaqatala bölgəsində, xüsusilə Qax rayonunda bir neçə məktəbdə gürcü bölmələri fəaliyyət göstərir. Bəzi fənnlər Azərbaycan dilində tədris olunsa da, əsas təhsil prosesi gürcü dilində aparılır. Biz bu dilin daşıyıcıları olan vətəndaşlara bu imkanı tanıyırıqsa, Gürcüstan da azərbaycanlılara eyni hüququ təmin etməlidir".

Mütəxəssis hesab edir ki, Gürcüstanda Azərbaycan dili və ədəbiyyatı fənnləri əvvəlki kimi bu ad altında tədris edilməli, bu da azərbaycanlıların dilini qoruması, gələcək nəsillərə ötürməsi və milli kimliyini yaşatması baxımından böyük əhəmiyyət daşıyır:

"Bu addım həm Azərbaycan dilinin zənginləşməsinə, həm də ədəbiyyatın öyrənilməsinə töhfə verəcək. Gürcüstan hökuməti və Təhsil Nazirliyi bu amili mütləq nəzərə almalıdır", - deyə Elçin Əfəndi fikrini sonlandırıb.

Qeyd edək ki, bununla bağlı "change.org" platformasında Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Givi Mikanadzeyə ünvanlanmış petisiya yerləşdirilib.

Petisiyanın müəllifi, "Maarif” təşkilatının rəhbəri Aygül İsayeva bildirib ki, Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi tərəfindən tərtib edilmiş təhsil proqramında "Azərbaycan dili və ədəbiyyatı” fənninin adının "etnik azlıqların dili” termini ilə əvəzlənməsi qəbuledilməzdir və bu, Gürcüstan vətəndaşı olan azərbaycanlıların təhsil hüquqlarına ziddir.

Onun sözlərinə görə, təhsil proqramında, dərs saatlarını əks etdirən cədvəldə və elektron jurnalda "Gürcü dili və ədəbiyyatı” yazıldığı kimi, azərbaycanlıların ana dili və ədəbiyyatı ilə bağlı fənnin adının da "Azərbaycan dili və ədəbiyyatı” olaraq göstərilməsi məntiqli və məqsədəuyğundur.

Türkan İsgəndərli

TodayPress TV

tag: Gürcüstan,Azərbaycan,Dil,Etnik,Todaypress.tv,

photo