Bakıda taksi limitində yenilik: "İctimai nəqliyyata keçid sürətlənəcək"

Sosial

20.10.2025 15:11

Nazirlər Kabinetinin qərarına əsasən, noyabrın 1-dən etibarən Bakı şəhərində taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin say həddi 25 min olaraq müəyyən ediləcək. Qərarın məqsədi paytaxtda taksi sektorunun tənzimlənməsi, nəqliyyat axınının azaldılması və xidmət keyfiyyətinin artırılmasıdır.

Nəqliyyat eksperti Yasin Mustafayev mövzu ilə bağlı TodayPress TV-yə açıqlamasında bildirib ki, bu limit gözlənilən və məntiqli addımdır:

“500 nəfərə bir taksi düşür”

Onun sözlərinə görə, bu taksi sayına qoyulan limit demək olar ki, böyük şəhərlərin hamısında var.

"Hətta bizdə çox limit qoyublar. Normalda 1000 nəfərə bir taksi düşür, İstanbulda, Londonda, Nyu-Yorkda, Parisdə də belədir. Ən yaxşı halda 500 nəfərə bir taksi düşür. Bakı kimi 3 milyon əhalisi olan şəhərdə maksimum 10 min taksi kifayət edir. İndi 25 min limit qoyulub, bu da kifayət qədər böyük rəqəmdir".

“Heç kim bazardan çıxarılmayacaq”

Ekspert əlavə edib ki, bu qərar taksi islahatlarının davamı kimi qiymətləndirilməlidir və paytaxtdakı tıxacların azaldılmasına xidmət edəcək:

"Taksi sayını artırmaqla tıxac və sıxlığı da artırırıq. Ona görə bu limit, sıxlığın qarşısını almaq üçün mühüm addımdır. Əslində, hazırda da təxminən bu sayda taksi fəaliyyət göstərir - 25-30 min arası. Yəni heç kim bazardan çıxarılmayacaq".

O vurğulayıb ki, icazə sayı azaldıqda, növbəlilik prinsipi əsasında daha əvvəl qeydiyyatdan keçən sürücülərə üstünlük veriləcək:

"Bu da ədalətli yanaşmadır. Heç kim işsiz qalmayacaq, heç kimin maşını və ya lisenziyası alınmayacaq. Buradakı əsas məqsəd şəhərdə minik avtomobillərinin sayını azaltmaq və ictimai nəqliyyatın işini optimallaşdırmaqdır".

“Yolları nə qədər genişləndirsək də, bu, problemi həll etməyəcək”

Mütəxəssisin fikrincə, bu qərar həm şəhər infrastrukturunun yükünü azaldacaq, həm də ictimai nəqliyyata keçidi sürətləndirəcək:

"Biz hər yerə şəxsi avtomobillə getsək, yolları nə qədər genişləndirsək də, bu, problemi həll etməyəcək. Əsas odur ki, avtobus zolaqları və metro stansiyalarının sayı artırılsın, ictimai nəqliyyat sistemi daha səmərəli işləsin", - deyə Yasin Mustafayev qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Yasin Mustafayev, Nəqliyyat,Taksi,Say həddi,Todaypress.tv,

photo