Ombudsman Çin Milli Nəzarət Komissiyasının rəhbərliyi ilə görüşdü

Siyasət

09.09.2025 10:08

Asiya Ombudsman Assosiasiyasının vitse-prezidenti qismində təşkilatın illik toplantılarında iştirak etmək məqsədilə Çində rəsmi səfərdə olan Ombudsman Səbinə Əliyeva Çin Xalq Respublikası Milli Nəzarət Komissiyasının dəvəti əsasında həmin qurumun rəhbərliyi ilə görüş keçirib. 

TodayPress TV xəbər verir ki, Çin Xalq Respublikasının Mərkəzi Təftiş Komissiyası və Milli Nəzarət Komissiyasının sədr müavini Liu Xuexin, Daimi Komitənin üzvü Mu Hongyu və Komissiyanın rəhbər şəxslərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Çin arasında mövcud strateji əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilib və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu bildirilib.

Görüşdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən fəaliyyət və əldə olunan müsbət təcrübələr haqqında geniş məlumat verilib, birgə əməkdaşlıq istiqamətləri müzakirə olunub. 

İkitərəfli və çoxtərəfli platformalarda geniş əməkdaşlıq imkanlarının olduğunu bildirən Ombudsman Səbinə Əliyeva iki qurum arasında mövcud dialoqun institutlararası əlaqələrin daha da inkişafına xidmət edəcəyini, qarşılıqlı məlumat və təcrübə mübadiləsinin, birgə maarifləndirmə tədbirlərinin insan hüquqlarının daha səmərəli müdafiəsinə mühüm töhfələr verəcəyini  vurğulayıb. 

Görüşdə həmçinin Asiya Ombudsman Assosiasiyası çərçivəsində regional əməkdaşlığın gücləndirilməsinin, insan hüquqlarının müdafiəsi sahəsində müsbət təcrübə mübadiləsinin və birgə layihələrin həyata keçirilməsinin xüsusi önəm kəsb etdiyi bildirilib.

TodayPress TV

tag: Ombudsman,Çin,Səfər,Görüş,Todaypress.tv,

photo
photo
photo