Fazil Mustafa: “Bu xalqın aydınlıq yolu ərəb çöllərindən başlamır!”

Siyasət

15.07.2025 12:59

Milli Məclisin deputatı Fazil Mustafa cəmiyyətin bəzi təbəqələrində milli və dünyəvi dəyərlərin təhrif olunmasına sərt reaksiya verib.

TodayPress TV xəbər verir ki, deputat bu barədə fikirlərini özünün “Facebook” hesabında paylaşıb. 

O, müxtəlif sahələrdə tanınmış şəxslərin milli dövlətçiliyə və dünyəvi sistemə zidd fikirlərlə çıxış etməsini tənqid edib:

“Milli dövlətin mahiyyətini anlamayan, dünyəvi dövlətin dəyərlərini qanmayan biriləri ziyalı, tarixçi, yazar, müğənni, aktyor, meyxanaçı, mərsiyəçi, teleaparıcı, bloger, statusçu qiyafəsində ölkədə əsrlər öncədən milli-mənəvi dəyərlər adı ilə qanımıza, genimizə yerləşdirilmiş nadanlığı, xurafatı, cəhaləti tarixi qəhrəman adı ilə, din adı ilə fərqli üsullarla təbliğ etməyə çalışırlar”.

Fazil Mustafa sevindirici məqam kimi bu təbliğata qarşı çıxanların artdığını vurğulayıb:

“Bu qaragüruhçuluğun ruporlarına qarşı çıxış edənlərin, dirəniş göstərənlərin, cəsarətlə yazı yazanların, mövqe sərgiləyənlərin sayı da artır. Demək ki, bu milləti orta çağın qaranlığına başqa ölkələrin din ideologiyasının təsiri altında gömmək elə də asan deyil”. 

Deputat sağlam dini düşüncə ilə dini fanatizmin fərqləndirilməsinin vacibliyini qeyd edib:

“Öz dinini hansısa xəstə zehniyyətin tənzimlədiyi bir ideologiyaya çevirmədən öz Allahına, onun kitabına və elçisinə sevgi ilə yaşayanlarla dini cəhalət mazoxizmini təbliğ edənlər arasında fərqi görmək üçün sosial şəbəkələr kifayətdir. Sadəcə bir videoya baxmaq bəs edir ki, Şeyx Nəsrullahın sıraya düzdüyü kütlə ilə bugünkü bəzi “ölü” beyinlər arasında fərq olmadığını görək. Bu xalqın aydınlıq yolu Cümhuriyyətimizdən, milli dövlət qurmaqdan başlayır, 1991-ci ildə bərpa etdiyimiz müstəqil Azərbaycan dövləti ilə davam edir, 2023-cü ildə azad etdiyimiz Qarabağ torpağı ilə zirvəyə çatır. Azərbaycanın aydınlıq yolu nə ərəb çöllərindən, nə də İran döllərindən başlayır”.

Deputat yazıçı İsmayıl Şıxlının yaratdığı obrazlar üzərindən də cəmiyyətə mesaj verib:

“Kafir deyə damğalanan Rus Əhmədin təklif etdiyi maarifçilik yolu ilə Molla Sadığın cəhalət iqamətgahından çıxan yol heç vaxt uzlaşa bilməz”.

Sonda isə o, milli dövlətin qorunmasının vacibliyini xüsusi vurğulayıb. Qeyd edib ki, cahilin diplomlusu ilə diplomsuzunun fərqi olmaz. Novruzəlinin akademik, Məhəmmədhəsən əminin xalq artisti, Molla İbrahimxəlil Kimyagərin deputat, Usta Zeynalın da xalq yazıçısı olması bizə sırınmış dini və milli üfunəti gizlədə bilməz. Aydınlıq yolu üçün cəsarətlə çalışmalıyıq, yazmalıyıq, izah etməliyik, aydınlatmalıyıq. 

Qiymət Mahir

tag: Fazil Mustafa,Deputat,Azərbaycan,Xalq,Ərəb,İran,Çölləri,Todaypress.tv,