Chakib Benhafri: “Qərb mediası Afrikanı mənfi təqdim edir”

Siyasət

03.06.2025 11:11

“Seçilmiş kitab adlarının əksəriyyəti özü-özlüyündə bir mesaj verir. Sizə bir neçə nümunə gətirim: “Afrika işləməyən qitədir”, “Afrika və qara mif”, “Afrika və geridəqalmışlıq”. Bu başlıqların özündə artıq qitəyə yönəlik mənfi və ümumiləşdirici yanaşma var”.

TodayPress TV xəbər verir ki, bu barədə Əlcəzair Universitetində elmi-tədqiqat işləri üzrə rəhbər şəxs Chakib Benhafri Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda keçirilən beynəlxalq elmi konfransda danışıb.

Onun sözlərinə görə, Qərb mediası Afrika haqqında karikaturaya bənzər obraz yaradır:

“Burada təkcə Fransız mediası deyil, ümumən Qərb mediası nəzərdə tutulur. Bu media qurumları keçmiş müstəmləkə xalqları, xüsusilə də Afrika haqqında stereotiplərlə dolu, bəsitləşdirilmiş və karikaturaya bənzər bir obraz yaradır. Afrika ilə bağlı müsbət görüntülərə media məkanında demək olar ki, rast gəlmək mümkün deyil. Məsələn, fransız televiziya kanallarını izləsəniz, Afrikaya dair verilən məlumatların bəlkə də cəmi 2%-i neytral və ya müsbət xarakter daşıyır. Qalan hallarda isə yalnız fəlakət, zorakılıq, yoxsulluq və xaos kimi mənfi kontekstlər təqdim olunur”.

Chakib Benhafri bunun Afrikanın və digər keçmiş müstəmləkələrin imicinə zərbə vurduğunu qeyd edib. 

“Onların müasir reallıqları, uğurları və dinamikası görünməz qalır”,- deyə o, bildirib. 

Qiymət Mahir

tag: Bakı,Beynəlxalq,Tədbir,Fransa,Todaypress.tv,