Xalis sıfır hədəfinə doğru: “Azərbaycan 2050-ci ilə qədər...”
Sənaye və energetika
29.08.2025 15:59
“Azərbaycan 2050-ci ilə qədər xalis sıfır karbon emissiyası hədəfinə çatmaq üçün enerji kompleksini şaxələndirməyi, bərpa olunan enerjidən geniş istifadəni və karbon tutma texnologiyalarını inkişaf etdirməyi prioritet strategiyalar kimi müəyyənləşdirib”.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bunu TodayPress TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, 2027-ci ilə qədər bərpa olunan enerji mənbələrinin payını 33-37%-ə çatdırmaqla ölkənin ümumi enerji istehsalında əhəmiyyətli artım nəzərdə tutulur:
"Bu artım əsasən 10 QVt gücündə “yaşıl enerji” layihələrinin reallaşdırılması və 3 QVt-dan çox yeni gücün istismara verilməsi hesabına təmin olunacaq. Gözlənilən tədbirlər təkcə elektrik enerjisində bərpa olunan mənbələrin payını artırmaqla kifayətlənmir, eyni zamanda iqtisadiyyatın dekarbonizasiyasına və enerjinin ixrac potensialının genişlənməsinə xidmət edir”.
Z.Vəliyev əlavə edib ki, Azərbaycan özünün bərpa olunan enerji potensialından səmərəli istifadə etməklə həm daxili tələbatı qarşılamağı, həm də “yaşıl enerji dəhlizi” vasitəsilə beynəlxalq bazarlara ixrac imkanlarını artırmağı hədəfləyir:
"Bu istiqamətdə nailiyyətlər üçün investisiya təşviqlərinin, vergi güzəştlərinin və dəstəkləyici dövlət siyasətinin genişləndirilməsi vacibdir", - deyə o fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bərpa olunan enerji potensialımızın aşağı qiymətləndirilməməli olduğunu bildirib:
"İmzalanmış müqavilələrə və BƏƏ, Səudiyyə Ərəbistanı və Çindən yatırılan investisiyalara əsasən, biz 2030-cu ilədək 6 giqavat Günəş və külək enerjisinə sahib olmağı planlaşdırırıq. Bundan əlavə, biz Qarabağda fəal şəkildə su elektrik stansiyaları inşa edirik. Artıq demək olar ki, 300 meqavat enerji əldə etmişik. Beləliklə, bu, Azərbaycanla Körfəz Əməkdaşlıq Ölkələri arasında əlaqələrin mühüm tərkib hissəsidir. Çünki bizim faydalı qazıntı yanacağımız var, həmçinin biz bərpa olunan enerji üzərində fəal şəkildə işləyirik. Biz birlikdə bir çox yaxşı layihələr həyata keçirə bilərik".
Qiymət Mahir
tag: Zəfər Vəliyev,Ekspert,Azərbaycan,Karbon,Todaypress.tv,
