"Ümid" yatağından çıxarılan qazın həcmi açıqlandı

Sənaye və energetika

05.06.2025 13:18

Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid" qaz-kondensat yatağından istismara veriləndən 11,2 mlrd. kubmetr qaz hasil olunub (1 aprel 2025-cü il tarixinə olan məlumata görə - red.).

TodayPress TV SOCAR-ın məlumatlarına istinadən xəbər verir ki, hesabat dövründə yataqdan 1,65 mln. ton qaz kondensatı hasil olunub.

Qeyd olunur ki, strukturda dərin axtarış qazmasına 1977-ci ildə başlanılıb, lakin heç bir quyuda sınaq işləri aparılmayıb. "Ümid" qaz-kondensat yatağı 1 saylı Stasionar Dəniz Özülündən (platforma) 2009-2011-ci ildə qazılmış 8 saylı quyu vasitəsi ilə kəşf olunub.

Dənizin dərinliyi 58 metr olan sahədə quraşdırılmış platformanın tikintisindən tutmuş, qazma işlərinə kimi bütün əməliyyatlar SOCAR-ın öz gücü ilə həyata keçirilib. "Ümid" yatağı SOCAR-ın müstəqillik illərində müstəqil olaraq kəşf etdiyi ilk yataq kimi tarixə düşüb.

İlkin hesablamalara görə, yatağın ehtiyatları Balaxanı VIII, Fasilə (B,C,D), Fasilə E, QüQ və QA lay dəstələrinə görə 129 mlrd. kubmetr qaz və 20 mln. ton kondensat həcmində qiymətləndirilir.

İstismarına 2012-ci ildə başlanılmış "Ümid" qaz-kondensat yatağının işlənilməsi "Umid Babek Operating Company" Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı (UBOC) tərəfindən həyata keçirilir.

tag: Qaz,Yanacaq,Azərbaycan,Hasilat,Todaypress.tv,