Neftin qiyməti ucuzlaşıb - İqtisadçı risklərdən danışdı

Sənaye və energetika

04.09.2025 12:11

“Neftin qiymətinin 70 dollardan aşağı düşməsi qlobal enerji bazarında yeni risklər formalaşdırır”. 

İqtisadçı Akif Nəsirli bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, bu proses həm neft ixrac edən ölkələrin dövlət büdcəsinə, həm də ümumi iqtisadi sabitliyə ciddi təsir göstərə bilər.

Ekspert əlavə edib ki, bu zaman ilk növbədə neft gəlirlərinə əsaslanan dövlət büdcələrinin dayanıqlığı zəifləyir:

“Azərbaycan kimi enerji ixracatçısı ölkələr üçün büdcə gəlirlərinin azalması sosial layihələrin, infrastruktur xərclərinin və digər dövlət proqramlarının icrasını risk altına sala bilər. Neftin ucuzlaşması valyuta bazarına da təzyiq göstərir. Belə ki, ixrac gəlirləri azalanda milli valyutaların zəifləməsi, idxal qiymətlərinin bahalaşması ehtimalı artır”.

Ekspert həmçinin diqqətə çatdırıb ki, neft şirkətlərinin mənfəətinin azalması yeni investisiyaların qarşısını alır, iş yerlərinin ixtisarı və dividend axınının zəifləməsi ilə nəticələnə bilir. Bu vəziyyət həm də enerji sektoruna kredit verən banklar üçün əlavə risklər yaradır:

“Beynəlxalq enerji bazarlarında da gərginlik yarana bilər. Neftin qiymətinin uzun müddət aşağı səviyyədə qalması bəzi ölkələrdə iqtisadi, hətta siyasi sabitliyi sarsıdacaq. Digər tərəfdən, ucuz neft bərpa olunan enerji layihələrinə investisiya marağını azaldacaq ki, bu da alternativ enerjiyə keçid üçün stimulları zəiflədir”.

İqtisadçının qənaətincə, qiymət enişi istehlakçılar üçün qısamüddətli dövrdə müsbət görünə bilər, çünki yanacaq xərcləri azalır. Lakin dövlət gəlirlərinin azalması nəticəsində sosial proqramlara mənfi təsirlər qaçılmaz olacaq:

“Risklərin miqyası neftin ucuz qiymətdə nə qədər müddət qalacağından, dünya iqtisadiyyatının ümumi vəziyyətindən və geopolitik proseslərin inkişafından asılı olacaq”, - deyə Akif Nəsirli fikrini yekunlaşdırıb.

Qeyd edək ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,37 ABŞ dolları, yaxud 1,92 % azalaraq 69,88 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın bu ilə olan dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Töhfə Səməd

TodayPress TV

tag: Akif Nəsirli,Ekspert,Neft,Ucuzlaşma,Todaypress.tv,

photo