"Azeri Light" yenidən ucuşlaşır – Risklər AÇIQLANDI!

Sənaye və energetika

17.10.2025 15:47

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 63,15 ABŞ dollarına enib. Türkiyənin Ceyhan limanında isə bu göstərici 61,41 dollar təşkil edib. 

Halbuki Azərbaycanın dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 dollar səviyyəsində nəzərdə tutulub.

Bu vəziyyətin Azərbaycanın büdcəsinə və investisiya planlarına təsiri ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı ekspert Toğrul Vəliyev bildirib ki, son dövrlərdə neftin qiyməti mütəmadi olaraq 70 dollardan aşağı düşür və əsas məsələ bu azalmanın davamlı olub-olmaması ilə bağlıdır.

“Azərbaycan iqtisadiyyatı hələ də neft gəlirlərindən ciddi şəkildə asılıdır. Buraya həm Dövlət Neft Fondunun gəlirləri, həm də büdcədən həyata keçirilən investisiya xərcləri daxildir. Əgər neftin qiyməti uzun müddət 70 dollardan aşağı qalarsa, bu, dövlət büdcəsi üçün ciddi problem yarada bilər”, –  ekspert qeyd edib.

Onun sözlərinə görə, hazırda vəziyyət kritik deyil, lakin gələn il üçün risklər artmaq ehtimalı mövcuddur:

“Bu il üçün vəziyyət sabitdir, amma gələn il gəlirlərin azalması və iqtisadiyyatda müəyyən çətinliklərin yaranması mümkündür. Həm investisiyaların azalması, həm də qeyri-neft sektorunun inkişafında ləngimə riski var”. 

Ekspert onu da bildirib ki, qısamüddətli qiymət dəyişiklikləri böyük təsir göstərmir, lakin qiymət səviyyəsinin uzun müddət aşağı qalması fəsadlara gətirib çıxara bilər. Bu da öz növbəsində ölkə iqtisadiyyatı üçün fəsadları qaçılmaz edəcək.

Jalə Rövşən 

TodayPress TV

tag: Toğrul Vəliyev,Ekspert,Neft, Barel, Birja, Sənaye, Dollar, todaypress.tv,

photo