Azərbaycanda istilik tarifləri niyə artırılıb? – AÇIQLAMA
Sənaye və energetika
31.07.2025 15:41
“Kommunal xidmətlər və mal xidmətlərinin qiymətlərindəki son artımlar vətəndaşların alıcılıq qabiliyyətini zəiflədib”.
Bunu iqtisadçı Günay Hüseynova TodayPress TV-yə açıqlamasında bildirib.
O, hesab edir ki, qiymət artımı həmin sahədəki müəyyən işlərin görülməsi və işçilərin əməkhaqlarının artımı ilə əsaslandırılsa da, sosial-iqtisadi şərait və insanların güzəranı nəzərə alındıqda bu qərar düzgün deyil.
İqtisadçı vurğulayıb ki, əgər bu sahədə aparılan quruculuq işləri, çəkilən xərclərin artımı və həmin sahədə çalışanların əməkhaqlarının artırılması üçün əlavə məbləğ tələb olunursa, bu vəsait vətəndaşın cibindən çıxmamalıdır:
“Bu o halda məqsədə uyğun olardı ki, Azərbaycan Respublikasının Dövlət büdcəsinin əsaslı hissəsi qeyri-neft sektorundan gələn gəlirlər hesabına formalaşsın. Hazırda kommunal xidmətlərin və ümumilikdə mal və xidmətlərin qiymətlərindəki artım vətəndaşların büdcəsinə uyğun deyil. Belə ki, hər il 1 yanvar tarixindən minimum əməkhaqqı və təqaüdlərlə bağlı qərar verilir. Son qərara əsasən bir öncəki illə müqayisədə, vergi və kəsintilər xaric olmaqla, cəmi 50 manat artım olub”.
Ekspert bildirib ki, aylıq inflyasiya və gündəlik zəruri ehtiyac mallarının qiymət artımı ilə müqayisədə bu rəqəm çox azdır. Belə ki, mal və xidmətlərin qiymətləri faiz nisbətində daha çox artıb. Bu da nəticədə alıcılıq qabiliyyətinin zəifləməsinə səbəb olub.
“Azad bazar iqtisadiyyatı şəraitində özəl sahibkarlığın hökm sürdüyü bəzi sahələrdə qiymət artımı başa düşüləndir. Lakin kommunal sahənin təkmilləşdirilməsi üçün tələb olunan vəsait vətəndaşların büdcəsi hesabına qarşılanmamalıdır. Əgər bu olursa, o zaman inflyasiya sürəti, əməkhaqqı, ümumi gəlir və xərclər də nəzərə alınmalıdır”, - deyə o, fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Azərbaycanda istilik tarifləri bahalaşıb. Qərara əsasən, əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi 1 Qkal üçün ƏDV daxil olmaqla 14,6 manatdan 21 manata, sayğac quraşdırılmadığı halda isə aylıq 1 m2 üçün ƏDV daxil olmaqla 0,3 manatdan 0,45 manata çatdırılıb.
Türkan İsgəndərli
tag: Kommunal ,İstilik,Qiymət,Eskpert,İqtisadçı,Günay Hüseynova ,Todaypress.tv,
