Azərbaycan və Səudiyyə Ərəbistanı karbohidrogen sektorunda əməkdaşlığı müzakirə etdi - YENİLƏNDİ
Sənaye və energetika
10.07.2025 10:32
Vyanada OPEC tədbiri çərçivəsində energetika naziri Pərviz Şahbazovla Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud arasında görüş keçirilib.
TodayPress TV Energetika Nazirliyinə istinadən xəbər verir ki, energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud ilə görüşdə OPEC+ formatı, eləcə də ikitərəfli çərçivədə enerji əməkdaşlığı məsələləri müzakirə edilib.
Birgə Texniki Komissiyanın bu ilə planlaşdırılan 4-cü iclasına toxunulub. Səudiyyə şirkətləri və SOCAR arasında karbohidrogen sektorunda əməkdaşlıq potensialı nəzərdən keçirilib.
Söhbət zamanı “yaşıl enerji” tərəfdaşlığı çərçivəsində layihələrin icra vəziyyəti də dəyərləndirilib. 240 MVt-lıq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının ilin dördüncü rübündə istifadəyə verilməsi ilə bağlı məsələlər, həmçinin “SOCAR Green”, “ACWA Power” və “Masdar” şirkətlərinin birgə iştirakı ilə Xəzər dənizində 3,5 QVt gücündə külək enerjisi və digər bərpa olunan enerji layihələrinin icrasına dair fikir mübadiləsi aparılıb. Bu layihələrin inkişafı istiqamətində növbəti addımlar müəyyənləşdirilib.
***
09:54
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında karbohidrogen sektorunda əməkdaşlıq müzakirə edilib.
TodayPress TV xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, Vyanada Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudla səmərəli görüş keçirib.
“Görüş zamanı ikitərəfli enerji gündəliyinin aktual məsələləri - Birgə Texniki Komissiyanın iclası, Səudiyyə şirkətləri ilə karbohidrogen sektorunda əməkdaşlıq, 240 MVt gücündə külək elektrik stansiyasının istismara verilməsi, dənizdə 3,5 QVt-lıq külək enerjisi və digər layihələrin icrası ilə bağlı müzakirələr apardıq”, - deyə P.Ş ahbazov qeyd edib.
tag: Azərbaycan,Səudiyyə Ərəbistan,Pərviz Şahbazov,Görüş,Todaypress.tv,