Azərbaycan ADB ilə təbii qaz layihələri üzrə əməkdaşlığı müzakirə etdi - YENİLƏNDİ
Sənaye və energetika
04.06.2025 17:23
Azərbaycan və Asiya İnkişaf Bankı (ADB) arasında sahil infrastrukturunun qurulması və təbii qaz sahəsində əməkdaşlıq müzakirə edilib. TodayPress TV Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr energetika naziri Pərviz Şahbazov ilə ADB-nin Cənubi, Mərkəzi və Qərbi Asiya regionu üzrə vitse-prezidenti Yingming Yang arasında keçirilən görüşdə aparılıb. Görüşdə enerji sahəsində ADB ilə uzunmüddətli və səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub, enerji gündəliyinin əsas prioritetləri üzrə fikir mübadiləsi aparılıb. Bankın enerji balansının şaxələndirilməsi, enerji səmərəliliyinin artırılması və regional enerji əlaqələrinin qurulmasına önəm verən siyasəti çərçivəsində əməkdaşlıq imkanlarına maraq göstərilib. Bildirilib ki, Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafının birinci mərhələsi başa çatmaq üzrədir və bu mərhələ çərçivəsində 2027-ci ilədək enerji sisteminə 2 QVt həcmində “yaşıl enerji” güclərinin inteqrasiyası planlaşdırılır. Bundan başqa, Xəzər dənizində külək enerjisindən istifadə ilə bağlı layihələr, Avropa, Türkiyə və Mərkəzi Asiya istiqamətlərində müxtəlif “yaşıl enerji dəhlizləri”nin inkişafı istiqamətində atılan addımlar diqqətə çatdırılıb. Bu xüsusda ADB-in “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırılmasına maliyyə dəstəyi yüksək qiymətləndirilib. Görüş zamanı qeyd olunub ki, dənizdə istehsal ediləcək enerjinin bir qisminin ölkənin enerji sisteminə inteqrasiyası, digər hissəsinin isə ixraca yönəldilməsi planlaşdırılır. Bu baxımdan, dəniz külək enerjisinin sahilə ötürülməsi üçün zəruri infrastrukturun yaradılması üzrə ADB ilə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb. Sahil infrastrukturlarının qurulması və Avropaya təbii qaz tədarükünün genişləndirilməsi ilə bağlı əməkdaşlıq təkliflərinin ADB tərəfindən müsbət qarşılandığı bildirilib. Enerji interkonnektorları və istilik təchizatı sahəsində əməkdaşlıqla bağlı da müzakirələr aparılıb.
*** 15:27
Azərbaycan Asiya İnkişaf Bankı (ADB) ilə təbii qaz layihələri üzrə əməkdaşlıq imkanlarını müzakirə edib.
TodayPress TV xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X"da yazıb.
Nazir bildirib ki, o, ADB-nin Cənubi, Mərkəzi və Qərbi Asiya regionu üzrə vitse-prezidenti Yingming Yang ilə məhsuldar görüş keçirib.
“Xəzər dənizində istehsal olunacaq külək enerjisinin ölkənin enerji sisteminə ötürülməsi və ixraca yönəldilməsi məqsədilə sahilboyu infrastrukturun yaradılması, Yaşıl Enerji Dəhlizlərinin inkişafı üzrə əməkdaşlıq imkanlarını müzakirə etdik”, - deyə nazir bildirib.
tag: Azərbaycan,Asiya İnkişaf Bankı,Layihə,Enerji,todaypress.tv,