Avropanın yeraltı qaz anbarlarındakı ehtiyatları artdı

Sənaye və energetika

30.09.2025 11:39

Avropanın qarşıdan gələn qış mövsümünə hazırlıq çərçivəsində yeraltı qaz anbarlarında (YQA) olan qaz ehtiyatları 82,5%-ə çatıb. 

TodayPress TV xəbər verir ki, bu barədə “Gas Infrastructure Europe” təşkilatı məlumat verib.

Məlumata əsasən, Avropa İttifaqı ölkələrinin YQA-larına qaz vurulması həcmi 206 milyon kubmetr təşkil edib. Bu günlərdə isə qazın çıxarılması həcmi 28 milyon kubmetrə qədər azalıb. Hazırda YQA-larda olan ümumi qaz həcmi 90,9 milyard kubmetr təşkil edir ki, bu da müşahidələr tarixində sentyabr ayı üçün yeddinci ən yüksək göstəricidir.

Hazırda Avropanın YQA-ları 82,5%-dən bir qədər çoxdur. Bu göstərici son beş ilin eyni dövrü üzrə orta göstəricidən 6,89% aşağıdır. Ötən il bu rəqəm 94,2% olmuşdu. Avropa Komissiyasının yeni tələblərinə görə, Aİ ölkələri hər il oktyabrın 1-dən dekabrın 1-nə qədər olan müddətdə anbarlarının ən azı 90%-ni qazla doldurmalıdırlar. Eyni zamanda, qaz doldurulmasında çətinliklər yaranarsa, 10%-lik əlavə möhlət tətbiq oluna bilər. Bu tələblər Avropa qaz bazarında qiymətlərin artmasına əlavə təkan verir.

Aysel Mətləb

TodayPress TV

tag: Qaz,Yanacaq,Avropa,Hasilat,Todaypress.tv,