AERA: Müraciətlərin sayı 20 %-ə yaxın artıb

Sənaye və energetika

09.07.2025 16:17

Bu ilin II rübü ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) bilavasitə və Energetika Nazirliyindən 2 183 müraciət daxil olub.

TodayPress TV agentliyə istinadən xəbər verir ki, bu, ötən ilin II rübü ilə müqayisədə 363 müraciət və ya 19,9 % çoxdur.

Məlumata görə, elektrik enerjisi təchizatı ilə bağlı 324-ü məlumat üçün olmaqla 1 923 müraciət edilib. Bu, 2024-cü ilin II rübü ilə müqayisədə 262 müraciət və 15,8 % çoxdur.

Bu dövr ərzində təbii qaz təchizatı ilə bağlı 26-sı məlumat xarakterli olmaqla 213 müraciət (+ 58,9 %) olunub. İstilik təchizatı ilə bağlı cəmi 18 müraciət (+ 80 %) edilib. Digər məsələlərlə bağlı isə 2-si məlumat üçün olmaqla 29 müraciət ( + 81,3 %) göndərilib.

Müraciətlərdən 1 417-si Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (16 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 3 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 411 müraciət hazırda baxılma prosesindədir, 352 məlumat xarakterli müraciətdən 153-ü qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

Təkcə, bu ilin iyun ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik enerjisi və təbii qazla təchizatı, eləcə də digər məsələlərlə bağlı AERA-ya bilavasitə və Energetika Nazirliyindən 647 müraciət daxil olub. Bu, ötən ilin iyun ayı ilə müqayisədə 16 müraciət və ya 2,4 % azdır.

Ötən ay elektrik enerjisi təchizatı ilə bağlı 86-sı məlumat üçün olmaqla 566 müraciət (- 8,7 %) edilib. Təbii qaz təchizatı ilə bağlı 9-u məlumat xarakterli olmaqla 74 müraciət (+ 2,05 dəfə) olunub. Digər məsələlərlə bağlı 7 müraciət (+ 1,8 dəfə) göndərilib.

Ötən ay müraciətlərdən 234-ü Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (9 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti quruma göndərilib), 2 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 316 müraciət hazırda baxılma prosesindədir, 95 məlumat xarakterli müraciətdən 46-sı qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

tag: AERA,Müraciət,Artım,Məlumat,Todaypress.tv,