Əli Çağladan Sayman Aruza: "Büdcə yoxdursa, kitab hansı meyarla çap olunub?"
Mədəniyyət
19.11.2025 18:08
Sayman Aruzun mənim həqiqi iddialarıma cavab adı altında yayımladığı yazını diqqətlə oxudum. Təəssüf ki, orada təqdim olunan arqumentlər nə məntiqə, nə reallığa, nə də ədəbi-ictimai məsuliyyət anlayışına sığır. Əksinə, verdiyi açıqlamalar daha çox özünü müdafiə etmək üçün qurulmuş səthi bəhanələri xatırladır və məsuliyyətdən boyun qaçırır.
Sayman Aruz iddia edir ki, deyilənlər “ona qarşı qurulmuş oyundur". Bu cür sözlər isə məsuliyyətdən qaçmaqdan başqa bir şey deyil. Mənim qaldırdığım məsələlər şəxsi hücum deyil; kitab çapı, təqdimat prosesi, ədəbi mühitdəki qərar mexanizmləri və şəffaflıqla bağlı konkret suallardır. “Oyundur” deməklə, etdiyiniz işləri ört-basdır edə bilməzsiniz. Bu, sadəcə öz üzərinizə düşən cavabdehlikdən yayınmaq cəhdidir.
AYB-nin Güney Azərbaycan şöbəsinin büdcəsi ilə bağlı dedikləriniz isə daha ciddi sual yaradır. Əgər doğrudan da büdcə yoxdursa, onda hansı meyarla kitab çap olunur? Kimlərin işi prioritet sayılır? Bu qərarlar hansı prinsiplə verilir? şəxsi münasibətlərə, yaxın dostlara, yoxsa ədəbi dəyərə görə? Əgər orda büdcə yoxdursa, bəs şöbə nəyə lazımdır? Siz büdcəsiz necə çalışırsınız? Bəs necə siz büdcəsiz başqanlıq iddiası edirsiniz. Canlıya çıxıb mən hamınızın başqanıyam deməklə deyil! Mən şəffaflıq tələb edirəm. Kitabı kim maliyyələşdirib, sponsor kimdir, proses necə işləyib? Bunları gizlətmək ədəbi mühitə hörmətsizlikdir.
Mediada uzun müddətdir ki, sizin fəaliyyətinizlə bağlı müxtəlif iddialar səslənir. Bunlar haqqında açıq danışmaq əvəzinə, onları “qaralama kampaniyası” kimi təqdim etmək ictimaiyyəti aldatmaq cəhdidir. Əgər siz bu iddiaları əsassız hesab edirsinizsə, onda ən sadə yol, şəffaflıq və açıq hesabat verməkdir.
Təbrizli aşıq İsay a pul qarşılığında diplom satmağınızın səs faylı YouTube-da mövcuddur. Siz bunu inkar edə bilərsiniz, amma gərək bunu əsaslandırılmış şəkildə edəsiniz, yoxsa sadəcə “yalan” deməklə məsələ bağlanmır. Bu mövzuya qayıdacağıq, çünki ictimaiyyət cavab tələb edir.
Özünüzü ədəbi cameənin rəhbərlərindən biri kimi təqdim edirsiniz. Elə isə davranışınızın səviyyəsi də bu mövqedə olan birinə uyğun olmalıdır. Amma dünən gecə Instagram canlı yayımında Məhəmmədrza Ləvayi ilə dialoqunuz tamam başqa mənzərə yaratdı: güneyli ədəbiyyatçıları “küçə adamları, qəfə adamları” adlandırmağınız, sonra isə söyüşlə canlıdan çıxmanız sizin hansı etik səviyyədə dayandığınızı göstərdi. Siz özünüz bu davranışla AYB-nin adına kölgə salırsınız.
Daha gülünc olan isə kitab məsələsindəki ziddiyyətlərdir. Müəllifə zəng edib kitabın artıq çap olunduğunu demək və bu xəbəri paylaşmaq, mənim yazım paylaşılandan sonra müəllifə “çap üçün 1000 manat lazımdır” demək, həmin prosesin necə natamam, necə qarışıq və nə qədər şübhəli aparıldığını göstərir. Əgər kitab artıq çap olunmuşdursa, niyə yenidən pul tələb edirsiniz? Bu sualın cavabını sizdən gözləyirəm.
Yazınızda qeyd edibsiniz ki:
“Xahiş etdilər ki, kitabı çap edək. Şəxsi hesabımıza edirdik. Xərci çox olduğundan vəsait toplamaq üçün vaxt lazım idi. Kitab təqdimata qədər yayılmır – çap olunmayıbsa, kitabxanalarda nə işi var?”.
Onun sözlərinə görə, kitab Milli Hökumətin 80 illiyi ilə bağlı tədbirdə təqdim edilməli imiş. Lakin o, qalmaqala görə təqdimatı dayandıracaqlarını açıqlayıb.
“Əgər istəyirlərsə, kitabı özləri çap etsinlər”.
Siz deyirsiniz kitab çap olub, amma sonra deyirsiniz ki, istəyirlərsə özləri çap etsinlər. Burada bir məsələ var, siz kitabı çap etməyibsiniz və onun çap və nəşr xəbərini paylaşıbsınız.
Mənə “anti-Azərbaycan” damğası vurmağa çalışırsınız. Bu, ən ucuz taktikadır. Siz isti evinizdə rahat uyuduğunuz zaman, mən Azərbaycana görə döyülürdüm, söyülürdüm, qulağımın pərdəsini itirirdim, mənim və sizin hansı mövqedə olduğumuz çoxdandır ki, bəllidir. Azərbaycan sevgimi şübhə altına almağa heç bir mənəvi haqqınız yoxdur. Çünki 23 yaşım var, əlimdən gələnin ən yaxşısını Azərbaycan ədəbiyyatı üçün etmişəm, bu da minnət sayılmasın, sadəcə kiçik bir küçə adamı olmağıma baxmayaraq, bunları etmişəm.
Sizin “İran vətəndaşları Azərbaycandakı proseslərə qarışa bilməz” deməyiniz isə ayrıca bir faciədir. Əgər siz hələ də Güney Azərbaycanı “İran” kimi görürsünüzsə, deməli, siz hansı ideoloji mövqedə dayandığınızı özünüz göstərirsiniz. Bu fikriniz həm mənəvi, həm tarixi, həm də milli baxımdan qəbuledilməzdir.
Son olaraq siz başqalarını günahlandırmaqla şər atırsınız. Hay-küy salmaqla məsuliyyətdən qaça bilməzsiniz. Təbrizin “Günəş” kafesindəki şairlərə və dünənki canlıda Məhəmmədrza Ləvayiyə atdığınız şərlər artıq göz önündədir. Amma sizə xatırladım ki, həmin qəfə və küçə adamları dedikləriniz, Güney Azərbaycanın tanınmış simalarıdır. Siz ədəbiyyat sahəsində təkcə güney Azərbaycanda deyil, heç Quzey Azərbaycanda da ciddiyə alınmırsınız. Çünki siz ədəbiyyatçı deyilsiniz. Güney Azərbaycanın tanınmış ədəbi nümayəndələri sizi ciddi qəbul etmir. Bunu həm o tay, həm bu tay bilir. Siz uzağı ədəbiyyat aləminin alverçisi ola bilərsiniz. Sizin ətrafınızda hansı ciddi ədəbi sima var ki?!
Bu məsələlərdən yayınmağınız artıq mümkün deyil. Hər sözünüz, hər ziddiyyətiniz və hər açıqlamanız özünüzə qarşı çevrilə bilər...
Güneyli şair Əli Çağla
tag: Sayman Aruz,İttiham,Yazıçı,AYB,Todaypress.tv,
