Sınaq dövrü başa çatdı: Azərbaycanda da kriptovalyutalardan istifadə ediləcək?
Maliyyə
14.08.2025 12:12
"Mərkəzi Bank xüsusi tənzimləmə rejiminin ilk mərhələsi üzrə sınaq dövrünün başa çatdığını elan edib. Sınaq müddətində dörd innovativ məhsul qiymətləndirilib. Qiymətləndirmə nəticələrinə əsasən, iki istiqamət üzrə məhsullar uğurlu hesab olunub, digər iki istiqamət üzrə isə məqsədəuyğun sayılmayıb".
TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, dəsətəklənən layihələr məhz kriptovalyuta əməliyyatları ilə bağlıdır.
"Belə ki, kriptovalyuta əməliyyatlarının daha təhlükəsiz və şəffaf şəkildə icrasını təmin etmək məqsədilə “m10” tətbiqinin “Binance” platformasına inteqrasiyası nəzərdə tutulur. Bu inteqrasiya vasitəsilə istifadəçilər “Binance” cüzdanlarına vəsait mədaxil və məxaric edə biləcəklər.
Digər layihə isə “kriptobroker platforması”dır. Bu platforma virtual aktivlərin asan və təhlükəsiz şəkildə alınması, satılması və saxlanılması imkanlarını yaradır.
Xüsusi tənzimləmə rejimi çərçivəsində sınaqların keçirilməsində məqsəd, həmçinin bu sahədə normativ-hüquqi bazanın formalaşdırılması və təkmilləşdirilməsidir".
Parlamentari vurğulayıb ki, Mərkəzi Bankın test layihələri yaxın gələcəkdə Azərbaycanda kriptovalyutaların dövriyyəyə buraxılması və istifadəsi üçün imkanlar yarada bilər. Qlobal maliyyə əməliyyatlarının sürətlə virtuallaşdığı bir şəraitdə, Azərbaycanda da kriptovalyutalardan istifadə və sistem inteqrasiyası əsas çağırışlardan biri hesab olunur.
Qeyd edilib ki, Mərkəzi Bank hələ 2019-cu ildən blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması layihəsinin icrasına başlayıb. Blokçeyn texnologiyasının tam tətbiq imkanlarının araşdırılması virtual valyuta bazarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Qiymət Mahir
tag: Mərkəzi Bank,Kriptovalyuta,Binance,Maliyyə,Todaypress.tv,
