“MilliÖN” və “M10” fintexdə yeni mərhələni hədəfləyir

Maliyyə

09.10.2025 10:26

“M10” süni intellekt əsasında lokomotiv platformaya çevrilməyi hədəfləyir”. 

TodayPress TV xəbər verir ki, bunu “PashaPay”in icraçı direktoru Samir Məmmədov “Baku Fintech Forum 2025” çərçivəsində keçirilən  “Dayanıqlı fintex ekosistemi qurmaq” adlı panel müzakirədə çıxışı zamanı səsləndirib.

O bildirib ki, fintex Azərbaycanın iqtisadi gələcəyini formalaşdıran əsas qüvvələrdən biridir, çünki yeni maliyyə davranışları və vərdişləri yaradır:

“Qlobal təcrübə də göstərir ki, fintex sektoru dünyanın müxtəlif ölkələrində böyük nailiyyətlər qazanır. “MilliÖN” və “M10” olaraq bu istiqamətdə fəal iştirak edirik. Hazırda proqramda ümumi müştəri sayımız 4 minə yaxındır. Bizim əsas məqsədimiz nağd və nağdsız iqtisadiyyat arasında körpü yaratmaqdır”.

Direktor SİMA ilə əməkdaşlıqdan da bəhs edib:

“SİMA ilə əməkdaşlıq çərçivəsində üztanıma sistemini tətbiq etmişik və bu texnologiyanı daim təkmilləşdiririk. “MilliÖN”ün fərqli cəhəti ondan ibarətdir ki, xidmətlərimizdən yararlanmaq üçün mütləq mobil tətbiqə ehtiyac yoxdur. 

“M10” isə bizim üçün lokomotiv məhsul hesab olunur. Onun əsas məqsədi istifadəçilərə maksimal rahatlıq və operativlik təmin etməkdir. Həmçinin “M10” olaraq süni intellekt əsasında lokomotiv platformaya çevrilməyi hədəfləyirik. Bu istiqamətdə çalışarkən şəxsi məlumatların ölkə hüdudlarını tərk etməməsi üçün maksimum diqqət və təhlükəsizlik standartlarına əməl edirik”.

Qiymət Mahir

TodayPress TV

tag: Bakı,Fintex,Forum,Tədbir,Todaypress.tv,