I yarımildə “Şahdəniz”in işlənməsindən əldə edilən gəlirlər artıb

Maliyyə

23.07.2025 16:10

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsindən 249,02 milyon ABŞ dolları (423,3 milyon manat) məbləğində gəlir əldə edib.

Bu barədə TodayPress TV-yə Fonddan məlumat verilib.

Bu, 2024-cü ilin birinci yarım ilinin göstəricisi ilə müqayisədə 4,92 milyon ABŞ dolları və ya 2 % çoxdur.

Qeyd edək ki, “Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (16,02 %), MVM (5 %).

tag: ARDNF,Şahdəniz,Qaz,Gəlir,Todaypress.tv,