Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyir

Maliyyə

27.05.2025 11:06

4

Son dövrlərdə dünya və region miqyasında baş verən mürəkkəb iqtisadi proseslərə baxmayaraq, Prezident İlham Əliyevin həyata keçirdiyi strateji və düşünülmüş iqtisadi siyasət nəticəsində 2024-cü il üzrə büdcə xərclərinin icrası müsbət dinamika ilə aparılıb. Milli valyutanın sabitliyi qorunub saxlanılıb, eyni zamanda, qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm irəliləyişlər qeydə alınıb. Cari ilin əvvəlinə olan məlumata əsasən, Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyib. Bu göstərici ölkənin maliyyə dayanıqlığını və iqtisadi müstəqilliyini nümayiş etdirir. 

TodayPress TV xəbər verir ki, bu fikirləri maliyyə naziri Sahil Babayev Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrasına dair qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəsi zamanı ölkənin makroiqtisadi göstəriciləri ilə bağlı açıqlamasında səsləndirib. 

Nazir qeyd edib ki, dövlətin ehtiyatlarının artması və fiskal intizamın qorunması ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin yenidənqurma işləri davam etdirilib, müdafiə sahəsində vacib alışlar həyata keçirilməklə bütövlükdə iqtisadi sabitlik təmin olunub. 

Müzakirələr zamanı, həmçinin vurğulanıb ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar uzunmüddətli inkişaf üçün möhkəm zəmin yaradır və bu, ölkənin gələcək maliyyə dayanıqlılığını gücləndirəcək əsas amillərdən biridir.

tag: Milli Məclis,Plenar İclas,Yaz Sessiyası,Layihə,Todaypress.tv,