Azərbaycan və BƏƏ-nin mərkəzi bankları Anlaşma Memorandumu imzaladı

Maliyyə

26.05.2025 15:41

2

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb.   

TodayPress TV bu barədə Azərbaycan tərəfinə istinadən xəbər verir.   

Məlumata görə, qurumun sədri Taleh Kazımov və sədrin müşaviri Ülvin Əliyev BƏƏ-nin paytaxztı Əbu-Dabiyə səfər ediblər. Səfər çərçivəsində bu ölkənin Mərkəzi Bankının (BƏƏMB) sədri Xaled Məhəmməd Balama ilə görüş təşkil olunub.

Görüş zamanı iki ölkənin bank-maliyyə sektorları arasında mövcud əlaqələr, mərkəzi banklar arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb, bank və sığorta, eləcə də rəqəmsal ödənişlər infrastrukturu və nəzarət texnologiyaları sahəsində tənzimləyici və qanunverici çərçivələrin təkmilləşdirilməsi üzrə görülən işlər müzakirə edilib, qurumlar arasında sıx və məhsuldar əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb. 

Görüşün sonunda maliyyə sektoru üzrə əməkdaşlıq, təcrübə və məlumat mübadiləsinin möhkəmləndirilməsi üçün Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

Tərəflər Memorandum çərçivəsində bankçılıq, sığorta, ödəniş xidmətləri, ödəniş sistemləri və maliyyə bazarının digər sahələrində qanunvericilik bazasının müzakirəsi, sürətli ödəniş sistemləri kimi pərakəndə ödəniş sistemlərinin qarşılıqlı inteqrasiyasının qiymətləndirilməsi, həmçinin qabaqcıl təcrübə haqqında məlumat mübadiləsinin aparılması istiqamətində əməkdaşlıq edəcəklər.

Bununla yanaşı, hər iki qurum təcrübə və bilik mübadiləsi, o cümlədən qarşılıqlı maraq kəsb edən məsələləri müzakirə etmək üçün görüş, kurs, seminar və işgüzar səfərlərin keçirilməsi sahəsində qarşılıqlı fəaliyyət göstərəcəklər. 

Sədrlər Anlaşma Memorandumunun iki dost ölkə arasında iqtisadi, ticarət və investisiya sahələrində əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyi ilə bağlı əminliklərini vurğulayıblar. 

tag: Azərbaycan,BƏƏ,Mərkəzi Bank,Memorandum,Todaypress.tv,