ASOSAI İdarəetmə Şurasının 62-ci iclası keçirilir

Maliyyə

17.07.2025 09:52

Bakıda Ali Audit Qurumlarının Asiya Təşkilatının (ASOSAI) İdarəetmə Şurasının 62-ci iclası keçirilir.

TodayPress TV xəbər verir ki, toplantıda təşkilatın maliyyə hesabatları, strateji planları, ekoloji audit və davamlı inkişaf hədəfləri üzrə işçi qrupların fəaliyyəti, həmçinin INTOSAI ilə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Eyni zamanda, 2025–2031-ci illər üzrə INTOSAI İdarə Heyətinə ASOSAI nümayəndələrinin seçilməsi və 2026–2028-ci illər dövrü üçün INTOSAI xarici auditorunun təyinatı gündəmdə olacaq.

Ümumilikdə iyulun 17-19-da Bakı şəhərində Ali Audit Qurumlarının Asiya Təşkilatı (ASOSAI) və Ərəb Dövlətlərinin Ali Audit Qurumları Təşkilatı (ARABOSAI) çərçivəsində mühüm tədbirlər keçiriləcək. Tədbirlər Azərbaycan Hesablama Palatasının ev sahibliyi ilə baş tutacaq.

İyulun 18-də isə ASOSAI və ARABOSAI təşkilatlarının birgə iclası keçiriləcək. Tədbirdə Braziliya, Hindistan, Səudiyyə Ərəbistanı və Azərbaycanın ali audit qurumları tərəfindən açılış nitqləri səsləndiriləcək. İqlim dəyişikliyinə audit cavabları və yaşıl infrastruktur təşəbbüsləri ilə bağlı Küveyt, Koreya, Tunis, Mərakeş, Tailand və BƏƏ təcrübələri təqdim olunacaq.

Bundan əlavə, süni intellektin audit fəaliyyətində tətbiqinə dair təqdimatlarla Azərbaycan, Pakistan, Hindistan və İran təcrübəsi paylaşılacaq.

tag: ASOSAI, ARABOSAI,Bakı,Toplantı,Todaypress.tv,

photo