Məcnun Məmmədov İsmayıllıda vətəndaşları qəbul etdi
Kənd Təsərrüfatı
30.05.2025 16:20
Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzində İsmayıllı, Ağsu, Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edib.
TodayPress TV xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Məlumata görə, qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, icarəyə texnika ayrılması, toxumçuluğun inkişafı, işğaldan azad edilmiş ərazilərdə torpaq sahəsinin ayrılması, dəymiş zərərə görə sığorta ödənişləri, subsidiyaların ödənişi, suvarma suyu ilə təminat və digər məsələlərlə bağlı olub.
Nazir qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi, qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
M.Məmmədov dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.
tag: Məcnun Məmmədov,İsmayıllı,Dövlət Aqrar İnkişaf Mərkəzi,Ağsu,Qobustan,todaypress.tv,