Bitkiçilik və heyvandarlıqda məhsuldarlıq azaldı
Hesablama Palatası tərəfindən aparılan təhlillər dövlət büdcəsindən bitkiçilik sahəsinə verilmiş subsidiyaların cəmi məbləğlərinin, eləcə də 1 hektara düşən subsidiya məbləğinin 2020-ci ildən başlayaraq davamlı surətdə artdığı şəraitdə 1 hektara düşən istehsal edilmiş bitkiçilik məhsulunun dəyərinin 2024-cü ildə 2023-cü illə müqayisədə 434,1 manat (13%) azalıb.
TodayPress TV xəbər verir ki, bu “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və “2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata” Hesablama Palatasının rəyində bildirilib.
Qeyd edilib ki, eyni zamanda, çoxillik əkmələrlə birlikdə kənd təsərrüfatı bitkilərinin cəmi əkin sahəsinin 2023-cü illə müqayisədə 345,4 min hektar (19,4%) artaraq kənd təsərrüfatına yararlı torpaq sahələrinin əvvəlki illə müqayisədə daha çox hissəsini (89,9%-ni) təşkil etməsinə baxmayaraq nəticəlilik göstəricilərində (məhsuldarlıq, istehsal) artım müşahidə olunmayıb.
Rəydə bildirilib ki, aparılan təhlillər müvafiq tendensiyanın heyvandarlıq sahəsində də izləndiyini göstərir.
Belə ki, Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə süni mayalanma yolu ilə doğulmuş hər baş buzova 100 manat məbləğində subsidiyanın və damazlıq heyvanların dəyərinin 60%-nə güzəştin tətbiq olunmasına baxmayaraq respublikada iribuynuzlu mal-qaranın, qoyun və keçilərin baş sayı 2016-cı ildən başlayaraq (2020-ci ilin yekunu istisna olmaqla) davamlı surətdə azalmış, 2024-cü ilin sonuna müvafiq olaraq 2459,7 min və 6850,2 min baş təşkil edib.
tag: Milli Məclis,Plenar İclas,Yaz Sessiyası,Layihə,Todaypress.tv,