Qızılın qiymətində dalğalanma: Etibarlı sərmayə, yoxsa riskli yatırım?

İqtisadiyyat

23.10.2025 13:07

Son dövrlərdə qızılın qiymətində tez-tez artım və ya azalma müşahidə olunur. Artıq qızıl təkcə bəzək üçün alınan zinət əşyası deyil, həm də sərmayə vasitəsi kimi dəyərləndirilir.

Bəs qiymətlərin davamlı artdığı indiki şəraitdə qızıl almaq gələcəyə kapital hesab oluna bilər?

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli TodayPress TV-yə açıqlamasında bildirib ki, indiki vəziyyətdə qızılın "güvənli liman" rolu daha da ön plana çıxıb:

Onun sözlərinə görə, dünyada geosiyasi gərginliklər, ticarət və tarix müharibələri müşahidə olunur. Bu səbəbdən, investorlar qızıla güvənli liman kimi baxır, ora investisiya edərək vəsaitlərini qorumağa çalışırlar:

"Qızılın qiyməti tarixi baxımdan daim dəyişkən olub. Həmişə kəskin artımlar və azalmalar müşahidə edilib. Əgər yaxın gələcəkdə geosiyasi gərginliklər azalarsa, yaxud böyük iqtisadi güclər, məsələn, ABŞ və Çin arasında yeni ticarət razılaşmaları imzalanarsa, qiymətlərdə enmə də mümkündür. Keçən həftənin sonunda qızılın qiyməti təqribən 15 faiz azaldı. Yəni bir unsiya 4400 dollardan 4050-4060 dollara qədər düşdü".

Ekspert əlavə edib ki, qızıl böyük investorlar üçün cəlbedici olsa da, kiçik sərmayəçilər üçün risklidir:

"Azərbaycanda qızıl alarkən daha baha, satarkən isə daha ucuz qiymətə satmaq məcburiyyətində qalırsan. Ona görə də böyük yatırımçılar üçün qızıl maraqlıdır, amma kiçik investorlar üçün o qədər də məsləhətli deyil. Çünki qazancdan çox itkilər də ola bilər", - deyə Natiq Cəfərli fikrini sonlandırıb. 

Qeyd edək ki, hazırda Azərbaycanda qızılın 1 qramının qiyməti təxminən 232 manat 58 qəpik təşkil edir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Natiq Cəfərli,İqtisadçı,Qızıl,Qiymət,Todaypress.tv,

photo