Qazaxıstan və Azərbaycan iqtisadi əməkdaşlığı genişləndirir

İqtisadiyyat

23.06.2025 10:03

Qazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Alim Bayel Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarovla görüş keçirib. Tərəflər ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika, enerji və tikinti sahələrində ikitərəfli əməkdaşlığın mövcud vəziyyətini və perspektivlərini müzakirə ediblər.

TodayPress TV xəbər verir ki, Alim Bayel ikitərəfli ticarət dövriyyəsinin artmaqda davam etdiyini qeyd edib.

Bu ilin dörd ayı ərzində artım 20% təşkil edib. Xüsusi məmnunluq doğuran fakt ondan ibarətdir ki, 2025-ci ildə Qazaxıstan ilk dəfə olaraq Azərbaycanın əsas buğda tədarükçüsünə çevrilib və Azərbaycanın taxıl idxalının 88%-ni təmin edib.

Öz növbəsində, Mikayıl Cabbarov Qazaxıstanla iqtisadi əməkdaşlığın inkişafının Azərbaycan üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. Bu kontekstdə o, bütün region üçün geoiqtisadi əhəmiyyətini kəsb edən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM), Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin (FORX) çəkilişi, Qazaxıstan enerji daşıyıcılarının Azərbaycan ərazisindən tranziti, habelə Xəzər dənizinin dibi ilə dərin dəniz elektrik kabelinin çəkilməsi kimi iri ortaq layihələrin həyata keçirilməsini yüksək qiymətləndirib.

Səfir A. Bayel azərbaycanlı Naziri Qazaxıstan rəhbərliyinin Azərbaycanla sənaye kooperasiyasının inkişafına xüsusi diqqət yetirdiyi barədə məlumatlandırıb. Bu çərçivədə o, Qazaxıstanda infuziya məhlullarının birgə istehsalını təşkil etməyi təklif edib. Alim Bayel, həmçinin, Azərbaycan tərəfinə Alagöl gölünün sahilində sanatoriya-kurort kompleksi inşa etməyi təklif edib. M. Cabbarov bu təşəbbüslər üzrə əməkdaşlığa hazır olduğunu bildirib. Həmsöhbətlər onların reallaşdırılması detalları barədə müzakirə aparıblar.

Tərəflər həmçinin yaşayış və sosial obyektlərin tikintisi ilə məşğul olan tikinti şirkətlərinin fəaliyyətinin daha da genişləndirilməsini müzakirə ediblər. Bir sıra Qazaxıstan şirkətlərin artıq Azərbaycanda tibb obyektləri və yaşayış binalarının tikintisinə başladığı məmnunluqla qeyd olunub. Bu istiqamətdə Qazaxıstanda əməkdaşlıq imkanları nəzərdən keçirilir.

tag: Qazaxıstan,Azərbaycan,İqtisadi,Əməkdaşlıq,Todaypress.tv,