DSMF-nin xərcləri niyə artıb? – SƏBƏBLƏR
İqtisadiyyat
19.05.2025 13:25
Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu ilin ilk 4 ayında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 231 milyon manat daha çox vəsait xərcləyib. Belə ki, bu dövrdə fond xərcləri 2 milyard 501 milyon manat olub. Bəs fondun xərclərinin artması nə ilə bağlıdır?
TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov açıqlama verib.
Onun sözlərinə görə, 2025-ci ildə DSMF-in xərclərinin artırılması öncədən proqnozlaşdırılırdı və təsdiq olunan büdcədə də öz əksini tapıb.
"Belə ki, 2024-cü ildə fondun təsdiq olunmuş xərcləri 6 milyard 949 milyon manat idisə, bu il üçün 7 milyard 676 milyon manat nəzərdə tutulub. Yəni, bu il fondun xərcləmələrinin təxminən 10 faiz çox olacağı gözlənilir".
Deputat artımın əsas səbəbləri arasında 2025-ci ildən yeni sosial paketin icrasına başlanılması və pensiya təyinatlarının artmasını göstərir. Bundan başqa bu ilin ilk 4 ayında 17 500-dən çox şəxsə yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyin edilib. Bunlar yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatlarıdır.
"Bu baxımdan, növbəti aylarda sosial paketin daha da dərinləşməsi fondun xərclərinə təsir göstərəcək. Çünki fondun əsas fəaliyyət istiqamətləri pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və sığorta üzrədir. Bu istiqamətlərdə artımlar fond tərəfindən daha çox xərcləmələr deməkdir".
Millət vəkili qeyd edib ki, fondun gəlirləri də artıb. Belə ki, yanvar-aprel aylarında gəlirlər proqnozla müqayisədə 13 faiz çox olmaqla 2 milyard 715 milyon manat təşkil edib.
Türkan İsgəndərli
tag: Vüqar bayramov,Deputat,DSMF,Xərc,Todaypress.tv,
