Dövlət əmlakının özəlləşdirilməsi və icarəsi üzrə göstəricilər açıqlandı
İqtisadiyyat
18.06.2025 16:14
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-may ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 86,6 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
Bu barədə TodayPress TV-yə Komitədən məlumat verilib.
Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam edir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-may ayları ərzində 18 hərrac keçirilib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 424 nəqliyyat vasitəsi özəlləşdirilib.
Cari ilin yanvar-may ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 68,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin ilk 5 ayı ərzində 233-ü qeyri-yaşayış, 1.519-u torpaq sahələri üzrə olmaqla 1.752 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 18 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 18,6% artım qeydə alınıb.
Beləliklə, 2025-ci ilin yanvar-may ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 86,6 milyon manat vəsait daxil olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 16,5% çoxdur.
tag: Dövlət,Əmlak,İcarə,Özəlləşdirmə,Todaypress.tv,