Bakı sənayesinin 81,5 faizi qeyri-dövlət sektorunun payına düşür

İqtisadiyyat

30.06.2025 12:05

Bu ilin yanvar-may aylarında Bakı şəhərinin sənaye sektorunda istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 21,1 milyard manat təşkil edib.

Bu barədə TodayPress TV-yə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Sənayedə qeyri-dövlət sektorunun payı 81,5 faiz təşkil edib. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,7 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,3 faiz təşkil edib.

Sənaye məhsulunun 74,9 faizi mədənçıxarma, 21,3 faizi emal, 2,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında iyunun 1-ə olan vəziyyətə görə, 428,5 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Qeyd edək ki, sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 56,7 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

tag: Bakı,Sənaye,Qeyri-dövlət,Sektor,Todaypress.tv,