AZSTAND beynəlxalq standartlaşdırma təşkilatının layihəsinə qoşuldu

İqtisadiyyat

15.07.2025 12:30

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) “Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) təşkil etdiyi “Süni intellekt idarəetmə və standartlarında bacarıqların artırılması” layihəsinə qoşulub.

TodayPress TV xəbər verir ki, bu barədə AZSTAND məlumat yayıb.

Məlumata görə, layihə çərçivəsində AZSTAND əməkdaşı və “İnformasiya-kommunikasia texnologiyaları” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK-05) sədri İsveçrə Konfederasiyasının Cenevrə şəhərində ISO-nun təşkilatçılığı ilə həyata keçirilən Süni İntellekt üzrə bir sıra təlim və seminarlara qatılıb.

Layihədə ölkəmizlə yanaşı, Amerika Birləşmiş Ştatları, Baham Adaları, Braziliya, Böyük Britaniya, Cənubi Afrika, Cənubi Koreya, Kanada, Hindistan, İndoneziya, Misir, Malayziya, Niderland Krallığı, Səudiyyə Ərəbistanı və Uqanda iştirak etmək hüququ qazanıb.

Layihənin əsas məqsədi maraqlı tərəflərin süni intellektin idarə olunması sahəsində beynəlxalq və milli standartlara uyğun ən yaxşı tənzimləmə nümunələri barədə məlumatlandırılması, həmçinin süni intellekt siyasəti və standartları üzrə təcrübə mübadiləsinin artırılmasıdır.

Səfər çərçivəsində, həmçinin nümayəndələrin Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) təşkil etdiyi "Artificial Intelligence for Good" adlı süni intellekt texnologiyalarının qlobal problemlərin həllində tətbiqini təşviq edən beynəlxalq sammitdə iştirakı təmin olunub.

tag: AZSTAND,Tədbir,Beynəlxalq,Təşkilat,Todaypress.tv,

photo
photo
photo
photo
photo