Azərbaycanın ipək xalça istehsalı 2 dəfəyə yaxın artdı

İqtisadiyyat

05.09.2025 15:07

"Azərxalça" ASC-nin ipək xalça istehsalı ötən il 2023-cü illə müqayisədə 1,8 dəfə artıb və istehsal olunmuş məhsulun 90 %-i satılıb.

TodayPress TV xəbər verir ki, bu barədə səhmdar cəmiyyətdən məlumat verilib.

Məlumata görə, lüks seqment olan ipək xalçaların hər kvadrat metrinin orta satış qiyməti 3 500 manat təşkil edib.

"Xalça satışı 2024-cü ildə 26 % artıb. Bu nəticə həm istehsalda səmərəliliyinin yüksəldiyini, həm də bazarda satış imkanlarının genişləndiyini göstərir", - məlumatda vurğulanır.

Qurum qeyd edir ki, xalça satışında və istehsalında bu ilin birinci yarısında da müsbət nəticələr əldə edilib: "Bu isə qurumun qarşıya qoyduğu strateji hədəflərə uyğun olaraq, istehsalın artırılması, ixrac imkanlarının genişləndirilməsi və maliyyə sabitliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımların düzgünlüyünü bir daha təsdiqləyir". 

Xatırladaq ki, Azərbaycan xalçaları Koreya, ABŞ, Çin, Rusiya və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrə ixrac olunur. Səhmdar cəmiyyətinin regionlarda 14 emalatxanası fəaliyyət göstərir. 

TodayPress TV

tag: Azərxalça,Səhmdar cəmiyyət,Qurum ,İpək xalça,Todaypress.tv,