907-ci düzəlişin ləğvinin iqtisadiyyata təsirləri - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat
09.08.2025 13:21
"907-ci düzəlişin ləğvi regional iqtisadi inteqrasiyanın gücləndirilməsi, iqtisadi-ticarət tərəfdaşlarının sayının artması, yeni tranzit sözləşmələri və enerji layihələrinin icrası baxımından mühüm əhəmiyyət kəsb edir".
İqtisadçı Günay Hüseynova bunu TodayPress TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, 907-ci düzəliş Azərbaycan və Ermənistan arasındakı müharibə və münaqişə şəraiti ilə əlaqədar idi. 1992-ci ildən tətbiq olunan bu qanuna əsasən, Azərbaycan Respublikasının müəyyən hissəsi blokada vəziyyətində idi və ABŞ tərəfindən heç bir maddi və hərbi yardım göstərilmirdi.
“Vaşinqtondakı görüşdə ABŞ Prezidentinin iştirakı ilə düzəliş hər iki ölkənin razılığı əsasında ləğv edildi və yeni anlaşmalar qəbul olundu. Bu razılaşmalara əsasən, bölgədə sülh və sabitlik təmin olunacaq, ABŞ ilə iqtisadi əlaqələr daha da genişlənəcək".
İqtisadçı vurğulayıb ki, üçtərəfli bəyannamə isə ilk növbədə regionda sülh və sabitliyi möhkəmləndirməklə iqtisadi inkişafa töhfə verəcək:
“İqtisadi inkişaf üçün geosiyasi arenada, xüsusən də regionda sabitlik və sülhün olması vacibdir. Bundan əlavə, ABŞ-nin region ölkələrinə tətbiq etdiyi iqtisadi sanksiyalar, üçüncü ölkələrin alternativ bazar axtarışı və Yaxın Şərq ilə Asiya ölkələrinin etibarlı ticarət tərəfdaşı axtarması fonunda qərarın ləğvi olduqca əhəmiyyətlidir".
Günay Hüseynova əlavə edib ki, regionda qarşı tərəfdən dolayı təhlükələr də mövcuddur və bunlar əsasən təhlükəsizlik məsələləri ilə bağlıdır.
Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Görüş çərçivəsində tərəflər arasında Birgə Bəyannamə imzalanıb. Eyni zamanda ABŞ-nin Azərbaycana tətbiq etdiyi 907-ci düzəliş ləğv olunub.
Türkan İsgəndərli
tag: Günay Hüseynova,İqtisadçı,907-ci düzəliş,İqtisadiyyat,Todaypress.tv,
