Səfirliyimizə hücum edən şəxs edam olundu
Bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs edam olunub.
TodayPress TV "Mizan"a istinadən xəbər verir ki, bu barədə İranın Məhkəmə Sistemi məlumat yayıb.
Bildirilib ki, hökm Ali Məhkəmənin aşağı instansiya məhkəməsinin qərarını təsdiqləməsindən sonra icra olunub.
Xatırladaq ki, hadisə 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30-da baş verib.
Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.
Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.
Azərbaycan Xarici İşlər Nazirliyi yanvarın 30-da səfirliyin əməkdaşlarını Tehrandan təxliyə edib və səfirliyin fəaliyyəti dayandırılıb.
İki dövlət arasında aparılmış danışıqlar nəticəsində 2024-cü il iyulun 15-dən etibarən Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib, səfir və səfirliyin heyəti İrana geri dönüb.
Terror aktını törədən Yasin Hüseynzadənin isə iki il ərzində məhkəməsi keçirilib.
Məhkəmədən sonra İran Ədliyyə Nazirliyi onun barəsində edam hökmünün çıxarıldığı barədə məlumat yayıb.
İran Ali Məhkəməsi səfirliyə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib və iş Tehrana cinayət hökmlərinin icrasına göndərilib.
tag: İran,Səfirlik,Hücum,Şəxs,Edam,Todaypress.tv,