Saleh Səmədov barəsində həbs qətimkan tədbiri seçildi - YENİLƏNDİ
Hadisə
31.05.2025 16:29
İmişli rayonunda 9 May - Faşizm üzərində Qələbə Günü ilə bağlı keçirilən tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov saxlanılıb.
TodayPress TV xəbər verir ki, Səbail Rayon Məhkəməsi Saleh Səmədov barəsində mənimsəmə cinayətlərinə görə 4 aylıq həbs qətimkan tədbiri seçib.
O, Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə ittiham olunur.
Qeyd edək ki, Saleh Səmədov mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.
Ağsaqqallar Şurasının İdarə Heyətinin yaydığı məlumata görə, o, Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub. Saleh Səmədov həmçinin Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən də çıxarılıb.
Yaxınlarının verdiyi məlumata görə, Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.
***
14:49
İmişli rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib.
TodayPress TV xəbər verir ki, bu barədə Lent.az saytı mənbələrinə istinadən məlumat yayıb.
Saytın yazdığına görə, Saleh Səmədov bir neçə gün əvvəl hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Onun barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsi üzrə həbs qətimkan tədbiri seçilib. Hüquq-mühafizə orqanlarından hələlik məsələyə şərh verilməyib.
Qeyd edək ki, mayın 13-də Saleh Səmədov İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib. Ağsaqqallar Şurasının İdarə Heyətinin yaydığı məlumata görə, Saleh Səmədov Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub.
O, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.
Xatırladaq ki, mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə Günü münasibətilə təşkil olunan tədbirdə sədr Saleh Səmədovun SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsi qalmaqala səbəb olub.
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçirilərək o, vəzifədən uzaqlaşdırılıb.
Saleh Səmədovun yerinə müvəqqəti təyin edilən Vahid Tağıyev isə 1 gün sonra işdən çıxmaq haqda ərizə yazıb.
Saleh Səmədovun vəzifədən uzaqlaşdırılmasından sonra çoxsaylı əmlaklarının və biznes şəbəkəsinin olduğuna dair də məlumatlar yayılıb.
tag: İmişli,Saleh Səmədov,Georgi Lenti,Həbs,Todaypress.tv,
