Külli miqdarda mənimsəmədə ittiham olunan şirkət rəhbərinin cəzası azaldıldı

Hadisə

29.10.2025 17:36

Xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan şirkət rəhbəri Üzeyir Həsənov barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

TodayPress TV xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, təqsirləndirilən şəxsin ittiham olunduğu 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi 179.3.2-ci ( Mənimsəmə, külli miqdarda törədildikdə) maddəsinə tövsif edilib. Həmçinin təqsirləndirilən şəxsin cəzası 10 ildən 8 ilə endirilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs 11 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bakı Apellyasiya Məhkəməsi cəzanı 10 ilə endirib.

İttihama görə, Üzeyir Həsənov Müdafiə Nazirliyinin sifarişi əsasında rayonlardan birində silah-sursat anbarının tikintisi, o cümlədən, ərazinin abadlaşdırılması, mebel avadanlıqlarının quraşdırılması üçün büdcədən ayrılmış vəsaiti mənimsəyib.

Şirkət rəhbəri 2011-2017-ci illərdə silah-sursat anbarının tikintisi, orada kommunikasiya xətlərinin, mebellərin quraşdırılması zamanı öhdəliklərini tam şəkildə yerinə yetirməməkdə, qiymətləri sənədlərdə şişirtməkdə ittiham edilir. Həmin iş üzrə 7 milyon 353 milyon manat büdcə vəsaitinin mənimsənildiyi iddia olunur.

O, həmçinin Azərbaycan Tarixi Muzeyində mənimsəməyə görə ittiham edilir. İttihamda göstərilib ki, Üzeyir Həsənov 2018-2019-cu illərdə Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişi əsasında Tarix Muzeyinin ekspozisiyasının təkmilləşdirilməsi, işıqlandırma və yanğın siqnalizasiya sistemlərinin yenidən qurulması, təmir-bərpa işlərin aparılmasını üzərinə götürüb. Lakin öhdəliyə əməl olunmayıb. O, bu epizod üzrə 1.8 milyon manatlıq yeyintidə ittiham olunur.

TodayPress TV

tag: Mənimsəmə,Cəza,Həbs,Qərar,Todaypress.tv,