Eldar Əzizov, nazir müavini və ARKA-nın direktoru partlayış baş vermiş əraziyə gəldi- YENİLƏNDİ 4
Hadisə
27.06.2025 00:54
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov hadisə yerinə gəlib.
TodayPress TV xəbər verir ki, onlar əraziyə baş çəkiblər
00:54
***
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
TodayPress TV xəbər verir ki, bu barədə " FHN-dən bildirilib.
00:17
***
Bu gün Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbarda partlayış hadisəsi baş verib.
Bu barədə TodayPress TV-ə Mədəniyyət Nazirliyindən bildirilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının, Mədəniyyət Nazirliyinin əməkdaşları cəlb edilib.
Hazırda hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar davam edir. Mədəniyyət Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən təhlükəsizlik tədbirləri görülür, əraziyə texniki ekspertlər cəlb olunub.
Əlavə məlumatlar rəsmi mənbələrdən daxil olduqca ictimaiyyətə çatdırılacaq.
***
00:15
Yasamal rayonunda yerləşən kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışda yaralanan olmayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirib.
“Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür. İlkin məlumata görə vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub. Yanğının söndürülməsi istiqamətində müvafiq qurumlar tərəfindən tədbirlər görülür”, – məlumatda qeyd olunub.
23:58
***
Bu gün saat 23:05 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakının Yasamal rayonu ərazisində partlayış baş verməsi səbəbilə çağırış daxil olub.
TodayPress TV xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Dərhal çağırış üzrə ilkin olaraq 5 təcili tibbi yardım briqadası əraziyə cəlb edilib.
Hələlik hadisə ilə bağlı təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.
Ətraflı məlumat veriləcək.
23:54
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olub.
TodayPress TV xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
Qeyd edək ki, bəzi media resurslarında “Alov” zavodunda partlayış-yanğın baş verməsi barədə verilmiş məlumat həqiqətə uyğun deyil.
23:23
***
Bakıda güclü partlayış baş verib.
TodayPress TV xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəsində qeydə alınıb.
Bildirilib ki, hadisə yerinə fövqəladə xidmətlər cəlb olunub.
tag: Bakı, Partlayış, Mikrorayon, Hadisə, todaypress.tv,