Doğum zamanı ana öldü, sağ qalan körpənin vəziyyəti AÇIQLANDI

Hadisə

13.08.2025 13:46

11 avqust 2025-ci il tarixində 38-39 həftəlik hamilə qadın Qusar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə müraciət edib. 1994-cü il təvəllüdlü qadına zəruri laborator və instrumental müayinələr aparılıb və qeysəriyyə kəsiyi əməliyyatına zərurət yarandığı bildirilib.

Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq TƏBİB məlumat verib.

Əməliyyatdan sonra pasiyentdə ağciyər arteriyasının tromboemboliyası, ağciyər, qaraciyər, böyrək və ürək çatışmazlığı, eləcə də tromboz (qan laxtalanması) aşkarlanıb. Qadın Reanimasiya şöbəsində müalicə alıb.

12 avqust saat 08:30 radələrində vəziyyəti pisləşən pasiyentin ürək fəaliyyəti dayanıb. Dərhal tibbi müdaxilə edilərək ürək döyüntüləri bərpa olunub. Lakin gecə saatlarında vəziyyəti yenidən ağırlaşıb və həkimlərin səylərinə baxmayaraq, həmin gün saat 23:40-da ölüm faktı qeydə alınıb.

Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, əməliyyat zamanı qadın 49 sm boyunda, 3 kiloqram 100 qram çəkidə qız övladı dünyaya gətirib. Körpənin vəziyyəti qənaətbəxşdir və müalicəsi Doğum şöbəsində davam etdirilir.

Türkan İsgəndərli

tag: Körpə,Ölü,Ana,Xəstə,todaypress.tv,